12px14px16px18px

Nəqliyyat Nazirliyinin müfəttişləri taksi sürücüsünü döydü

10:12 / 28.03.2012
Martın 26-da paytaxtda taksi sürücülərindən biri Nəqliyyat Nazirliyinin müfəttişləri tərəfindən döyülüb. “Qafqazinfo” saytının yazdığına görə, buna müfəttişlərin taksi sürücüsündən 100 manat tələb etməsi olub. Pulunun olmadığını deyən sürücü nazirliyin əli belli əməkdaşları tərəfindən döyülüb. Sürücünün başına və bədəninə bel ilə vurublar. Yaxınlıqdan keçən və hadisəyə şahid olan bir nəfər olayı telefon vasitəsi ilə çəkib. Müfəttişlərin sürücünü niyə görə döydüyünü soruşduqda nazirliyin əməkdaşları “bu bizim işimizdir” deyə cavab verib.
Qeyd edək ki, hadisə 8-ci mikrorayon ərazisində “qoşa zapravka” deyilən yerdə səhər saatlarında baş verib. Hadisədən sonra müfəttişlər ölümcül hala salınan sürücünü elə yolun ortasında buraxaraq “90 AF 364” xidməti maşınlarına oturaraq ərazidən uzaqlaşıblar. Hadisədən sürücünü yoldaşları əraziyə gəliblər və dərhal Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng vuraraq hadisə barədə məlumat veriblər. Yoldaşları tərəfindən xəstəxanaya çatdırılan sürücünün vəziyyəti ağır olub. Olayın lentə alınmış görüntüsü isə Daxili İşlər Nazirliyinə təqdim olunub. Hadisə ilə bağlı araşdırma aparılır.
Nəqliyyat Nazirliyi Bakıda taksi sürücüsünün nazirliyin müfəttişləri tərəfindən döyülməsi barədə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov APA-ya açıqlamasında qeyd edib ki, məlum hadisə kriminal xarakterli hadisə olduğu üçün hüquq-mühafizə orqanları tərəfindən araşdırılır: “Məlum hadisəni Daxili İşlər Nazirliyi araşdıracaq. Üstəlik məlumatda qeyd olunur ki, hadisə barədə “102” xidmətinə xəbər veriblər. Biz də öz tərəfimizdən bu məsələni araşdıracağıq. O maşının və işçilərin doğrudan da bizim maşın və ya işçilər olduğuna gəlincə, biz hələlik bu görüntüləri öyrənməliyik, görüntünün montaj olub-olmadığını araşdırmalıyıq. Çünki indi internetdə müxtəlif çəkilişlər və ya şəkillər yerləşdirilir”.
N. Həsənov hadisəni törədən şəxsin Nəqliyyat Nazirliyi əməkdaşı olacağı təqdirdə onun işdən qovulacağını deyib: “Biz də bu məsələni araşdıracağıq, məlum olsa ki, bizim işçilər bu məsələdə günahkardır, onlar haqqında ciddi tədbir görüləcək. Biz özümüz də belə əməkdaşların sistemdə qalmasının tərəfdarı deyilik”.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, məlum hadisə ilə bağlı DİN-in “102” xidmətinə məlumat daxil olub. Daxil olan məlumat araşdırıldıqdan sonra hadisəyə hüquqi qiymət veriləcək.








Bu yazı ( 73 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar