12px14px16px18px

Azərbaycanda minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq

10:12 / 28.03.2012
Azərbaycanda minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq. Bu, Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə nəzərdə tutulur.”APA-Economics”in məlumatına görə, sazişdə bildirilir ki, sənədi imzalayan tərəflər əmək haqqı səviyyələri arasında qeyri-mütənasibliyin aradan qaldırılması məqsədi ilə Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi prosesini davam etdirmək, minimum istehlak səbətinin tərkibinə yenidən baxmaq üçün tədbirlər görəcək.
Bundan başqa, sənədə əsasən, məşğulluq sahəsində razılaşdırılmış siyasəti həyata keçirmək məqsədi ilə sosial tərəfdaşların və müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət müvafiq respublika əlaqələndirmə komitəsi yaradılacaq.
Sənəddə əmək bazarının inkişafı və əhalinin məşğulluğu ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulub. Belə ki, işsizliyə görə müavinətin yaşayış minimumu səviyyəsində müəyyən edilməsi ilə bağlı təkliflərin hazırlanması, gənclərə, qadınlara, xüsusilə də 20-30 yaşlı qadınlara yeni peşələrin öyrədilməsinə və ixtisaslarının artırılmasına dair işlərin gücləndirilməsi əksini tapıb.
Bundan başqa, ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyaların yaradılması, ali məktəblərlə yanaşı, texnikum və peşə məktəblərində tələbə və şagirdlərin yataqxana ilə təmin olunması üçün təkliflərin hazırlanması nəzərdə tutulub.






Bu yazı ( 79 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar