12px14px16px18px

Azərbaycanın aldığı silah-sursatların siyahısı açıqlandı

10:04 / 28.03.2012
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİPRİ) dünya ölkələrinin silah ixrac və idxalını əks etdirən hesabatını açıqlayıb. APA-nın SİPRİ-nin saytına istinadən verdiyi məlumata görə, hesabatda Azərbaycanla bağlı məlumatlar da yer alıb. Hesabatda Azərbaycanın 2008-ci ildən başlayaraq İsraildən hərbi texnika aldığı qeyd olunub.
SİPRİ-nin sənədində yer alan məlumatlara görə, Azərbaycan İsraildən 2008-ci ildə 10, 2011-ci ildə 2 ədəd “Hermes-450” tipli pilotsuz uçuş aparatı (PUA), həmçinin Azərbaycanda yığılmaqla 10 ədəd “Aerostar” tipli PUA (2010-cu ildə) alıb. 2011-ci ildə tərəflər arasında imzalanmış və dəyəri 1,6 milyard ABŞ dolları təşkil edən müqavilə çərçivəsində Azərbaycana 1 ədəd “Barak-8” sistemi və 75 ədəd “Barak-8” raketi, 1 ədəd EL/M-2080 Green Pine radarı, gəmilərə qarşı açıqlanmayan sayda “Gabriel-5” qanadlı raketi, 5 ədəd “Heron” tipli, 5 ədəd “Searcher” tipli PUA satılıb.
Cənubi Afrika Respublikası (CAR) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda 2009-2011-ci illərdə 25 ədəd “Matador” və 25 ədəd “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsinin yığımı həyata keçirilib. 2011-ci ildə isə 30 ədəd “Matador” və 30 ədəd “Marauder”in yığımına başlanıb. Bu çərçivədə 2009-2010-cu illərdə “Matador” və “Marauder” tipli zirehli nəqliyyat vasitələri üçün ABŞ-dan 50 ədəd “Cummins-6V”, 2011-ci ildə isə 60 ədəd “Cummins-6V” dizel mühərriki alınıb.
Türkiyə ilə imzalanmış və dəyəri 30 milyon dollar təşkil edən müqavilə çərçivəsində bu ölkədən 2010-2011-ci illərdə 60 ədəd “Cobra” tipli zirehli personal daşıyıcı, həmçinin ROKETSAN şirkəti ilə imzalanmış müqavilə çərçivəsində 2011-ci ildə 30 ədəd 107 mm-lik özüyeriyən reaktiv atəş kompleksi alınıb. Bundan başqa, Rusiyadan 2010-cu ildə 2 divizion, 2011-ci ildə isə 1 divizion S-300 PMU “Favorit” zenit-raket kompleksi, 2010-cu ildə bu kompleks üçün 75 ədəd, 2011-ci ildə 37 ədəd 48N6E2/SA-10E raketi alınıb. 2010-cu ildə Rusiya ilə 24 ədəd Mi-35M tipli helikopterin və 60 ədəd Mi-8MT/Mi-17/Hip-H tipli helikopterin satın alınmasına dair müqavilə bağlanıb. Müqavilə çərçivəsində ötən il 4 ədəd Mi-35 və 23 ədəd Mi-8MT/Mi-17/Hip-H tipli helikopter ölkəyə gətirilib.
Azərbaycanın bundan başqa, 2011-ci ildə Ukraynadan R-2 tipli tank əleyhinə raket aldığı hesabatda qeyd edilib.




Bu yazı ( 47 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar