12px14px16px18px

Azərbaycanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

14:42 / 20.03.2012
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-la əməkdaşlıq edən dəstə üzvlərini ifşa etməsi ilə bağlı Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. APA-nın İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə İran XİN etirazını bildirərək, ittihamları rədd edib. Bildirilib ki, Azərbaycanın hərəkətləri Naxçıvanda bağlanan üç tərəfli sazişə və iki ölkənin müdafiə nazirlərinin imzaladığı razılaşmaya ziddir. Qeyd olunub ki, “sionist təşkilatlar başqa ölkələrdə də oxşar ittihamların İrana qarşı irəli sürülməsinə təşəbbüs göstərirlər”. Öz növbəsində, Cavanşir Axundov bildirib ki, Azərbaycan İranla əməkdaşlığın genişlənməsində maraqlıdır. O, Tehranın rəsmi mövqeyini Azərbaycan hökumətinə çatdıracağını deyib. Azərbaycan XİN-in mətbuat xidmətindən səfirimizin İran XİN-ə çağırılması faktını təsdiqləyiblər. “ Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvan görüşünün yekunlarına dair birgə bəyannamədə deyildiyi kimi, habelə dövlətlərarası səfərləri nəzərə alaraq, Azərbaycan İranla mehriban qonşuluq münasibətlərinə sadiqdir”. Bunu isə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Azərbaycan səfirinin İran XİN-ə dəvət olunmasını şərh edərkən deyib.


Bu yazı ( 389 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar