12px14px16px18px

Xəstəxanada dava düşdü

ŞIRVAN ŞƏHƏR XƏSTƏXANASINDA DÜNYASINI DƏYIŞƏN XƏSTƏNIN YAXINLARI TIBB PERSONALINI DÖYÜBLƏR

14:37 / 20.03.2012  
Şirvan Şəhər Xəstəxanasında insident baş verib. Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə martın 17-də qeydə alınıb. Həmin gün saat 17.45 radələrində Şirvan şəhər sakini, 1948-ci il təvəllüdlü Məlahət Zeynal qızı Məmmədova komatoz vəziyyətdə təcili yardım maşını ilə Şirvan şəhər Xəstəxanasının kardiologiya şöbəsinə gətirilib. İlkin yardım olunmasına baxmayaraq, xəstə bir neçə dəqiqədən sonra dünyasını dəyişib. Tibb bacısı Həcər Məmmədovanın bildirdiyinə görə, xəstənin oğlu əvvəlcə həkim-kardioloq Sahib Məmmədovu yumruqla vurub. Həkim oradan uzaqlaşdıqdan sonra xəstə yaxınları növbədə olan tibb bacısını kobudcasına palatadan çıxarıblar. Daha sonra onlar yenicə axşam növbəsinə gələn tibb bacısı Həcər Məmmədovanı və təsadüfən orada olan həyat yoldaşı Qafar Məmmədovu döyüblər. Dünyasını dəyişən xəstənin oğlu – Şirvan şəhəri F. Eynullayev küçəsi 9, mənzil 42 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Məmmədov Bəhruz Bahadur oğlu və bacısı Aynurə tibb bacısına və onun həyat yoldaşına zərbələr vurublar. Tibb bacısı ağır bədən xəsarətləri alıb. Hadisə barədə Daxili İşlər Nazirliyinin ”102” zəng mərkəzinə məlumat verilib. Zərərçəkənlər tibbi ekspertizadan keçirilib, onlar baş verənlər haqqında polisə ifadə veriblər. Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində təhqiqat aparılır.


Bu yazı ( 457 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar