12px14px16px18px

KİV-ə Dövlət Dəstəyi Fondu “APA”nın redaktorunun müraciətinə baxıb

14:35 / 20.03.2012
“APA” İnformasiya Agentliyinin redaktoru Cavid İsmayıl Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2012-ci il Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrilə bağlı Fondun icraçı direktoruna ərizə ilə müraciət edib. O, müracətində müsabiqəyə təqdim etdiyi yazı barədə ekspert rəyləri ilə razılaşmadığını bildirərək nəticələrə yenidən baxılmasını xahiş edib. Martın 19-da Fondun Müşahidə Şurasının sədri Umud Rəhimoğlunun, yazıları qiymətləndirən ekspertlər – “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədlinin, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin, eləcə də, “APA” İnformasiya Agentliyinin redaktoru Cavid İsmayılın iştirakı ilə müraciətə baxılıb. Müşahidə Şurasının sədri Umud Rəhimoğlu bildirib ki, Cavid İsmayılın müraciətindən sonra onun müsabiqəyə təqdim etdiyi material və ekspertlərin bu yazı barədə rəyləri bir daha araşdırılıb. Araşdırma nəticəsində məlum olub ki, ekspertlər Cavid İsmayılın yazısını müsabiqə elanında açıqlanmış “Qiymətləndirmə meyarları”na uyğun olaraq qiymətləndirıblər. Qarşı tərəfin narazılığı isə, onun müsabiqənin şərtləri ilə tanış olmamasından yaranıb. Umud Rəhimoğlu bildirib ki, jurnalist yazılarını qiymətləndirən təcrübəli ekspertlər məhz müsabiqənin “Qiymətləndirmə meyarları”ndan çıxış edərək yekun nəticəyə gəlirlər. Bəzi hallarda ədəbi-bədii, dil-üslub xüsusiyyətləri baxımından normal təəssürat yaradan yazılar əvvəlcədən elan edilmiş “Qiymətləndirmə meyarları”na uyğun olmadığı üçün lazımi bal toplaya bilmirlər. Sonra hər üç ekspert ayrı-ayrılıqda çıxış edərək, Cavid İsmayılın yazısına verdikləri balların müsabiqənin “Qiymətləndirmə meyarları”na uyğunluğunu müfəssəl şəkildə əsaslandırıblar. Ekspertlər Cavid İsmayıla izah ediblər ki, onun müsabiqəyə təqdim etdiyi yazı bədii-publisistik janrda yazılıb və müəllifin şəxsi təəssüratlarının bədii ifadəsi baxımından yüksək qiymətləndirilib. Lakin Fondun “Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi” araşdırma yazılarına həsr edilmiş müsabiqə olduğu üçün Cavid İsmayılın təqdim etdiyi yazı müsabiqə şərtlərinə, o cümlədən, müəllifin seçdiyi “İctimai və dövlət maraqlarının qorunması” istiqamətinə tam uyğun olmayıb. Bundan əlavə, yazı müsabiqənin əsas “Qiymətləndirmə meyarları”ndan olan “Dil-üslub xüsusiyyətləri, bədii estetik ifadə” baxımından qənaətbəxş qiymətləndirilsə də, “mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma”, “materialın oxucu üçün informasiyalılıq, maarifləndirmə səviyyəsi”, həmçinin, “jurnalist obyektivliyi, qərəzsizliyi, məsuliyyəti” üzrə yetərli bal toplaya bilməyib. Nəticədə, o, müsabiqənin qalibləri sırasına düşə bilməyib. Jurnalistə tövsiyə edilib ki, növbəti müsabiqələrə qatılan zaman müsabiqə şərtləri ilə tanış olaraq, hazırladığı materialı həmin şərtlərə uyğunlaşdırsın. Ekspertlərin çıxışlarından sonra Cavid İsmayıl razılaşıb ki, müsabiqəyə təqdim etdiyi yazını hazırlayarkən Fondun şərtlərinə yox, sərbəst yaradıcılığa üstünlük verib. O, xüsusən də, ekspertlərin yazıda “mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma” meyarının nəzərə alınmaması barədə haqlı iradlarını qəbul edib.











Bu yazı ( 374 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar