12px14px16px18px

Hökumət parlamentə hesabat verdi

OQTAY ƏSƏDOV: “BU GÜN CƏNUBİ QAFQAZDA ÜMUMİ MƏHSULUN 80 FAİZİ AZƏRBAYCANIN PAYINA DÜŞÜR”

00:43 / 19.03.2012
Milli Məclisin (MM) dünənki plenar iclasında hökumətin son birillik fəaliyyəti ilə bağlı növbəti hesabatı dinlənilib. Milli Məclisin (MM) sədri Oqtay Əsədov bildirib ki, parlamentin daxili nizamnaməsinə əsasən, hər il ali qanunvericilik orqanının yaz sessiyasının beşinci iclasından gec olmayaraq, Nazirlər Kabinetinin son 1 illik fəaliyyətinə həsr olunmuş dinləmələr keçirilir və bu gün də növbəti dinləmələr nəzərdə tutulur. O.Əsədovun bildirdiyinə görə, hökumətin hazırladığı hesabat öz məzmununa və strukturuna görə çox yüksək səviyyədə, təkmilləşdirilmiş şəkildə hazırlanıb. Spiker bildirib ki, bu hesabatda ötən ildə Azərbaycan Respublikasının iqtisadi inkişafında baş vermiş dəyişikliklər geniş əksini tapıb. “Çox sevindirici haldır ki, dünyada davam edən maliyyə-iqtisadi böhrana baxmayaraq, Azərbaycan Respublikası öz sabitliyini saxlaya bilib, inkişafını təmin edib, hətta müəyyən uğurlara nail olub. Bu gün Cənubi Qafqazda ümumi daxili məhsulun (ÜDM) 80%-i Azərbaycanın payına düşür. Ölkədə ötən il ərzində də yeni sənaye sahələri, yeni istehsal və emal müəssisələri yaradılıb, minlərlə iş yerləri açılıb. 2011-ci ildə neft sektorunun inkişafında da önəmli addımlar atılıb. Ötən il bütün imkanlar hesabına daxili investisiyaya 21,7 milyard manat vəsait ayrılıb ki, bunun da 72%-i qeyri-neft sektorunun payına düşür. 2011-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 9,4%-dən 7,4%-ə enib. Bütün bunlar Azərbaycanın dinamik inkişafının göstəricisidir”-deyə, spiker vurğulayıb. Spikerin qısa çıxışından sonra hökumət adından Baş nazir Artur Rasizadənin çıxışı başlanıb. A.Rasizadənin bildirdiyinə görə, hesabat ilində qeyri-neft sektorunda 9,4 faizlik yüksək artırma nail olunub. Baş nazir bildirib ki, bütün maliyyə mənbələri hesabına 21,7 mlrd. ABŞ dolları həcmində investisiya qoyuluşu həyata keçirilib və onun 60 faizini daxili investisiyalar təşkil edib: “Ümumi investisiyaların 15,7 mlrd. dolları qeyri-neft sektorunun inkişafına yönəldilib. Eyni zamanda, hesabat ilində xarici ticarət dövriyyəsi 30 faiz çoxalaraq 36 mlrd. dollar təşkil edib. Strateji valyuta ehtiyatları il ərzində 40 mlrd. dolları ötüb. Aparılan səmərəli maliyyə – pul və fiksal siyasət nəticəsində makroiqtisadi tarazlıq təmin edilib, manatın məzənnəsi stabil qalıb, inflyasiya birrəqəmli səviyyədə saxlanılıb ki, bu da əhalinin real gəlirlərinin artımına zəmin yaradıb”. O, həmçinin bildirib ki, ötən il Azərbaycan Silahlı Qüvvələrinin yüksək səviyyədə qurulması onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də uğurlu addımlar atılıb: “2003-cü illə müqayisədə hesabat ilində Silahlı Qüvvələrin möhkəmləndirilməsi, onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ayrılan vəsaitin həcmi 20 dəfədən çox olub”. Baş nazirin hesabatı dinlənildikdən sonra onun ətrafında müzakirələrə başlanılıb. Müzakirələrdən sonra millət vəkillərinin hesabatı qəbul edilib. Kamil HƏMZƏOĞLU







Bu yazı ( 497 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar