12px14px16px18px

Ruslan Bəşirli: “Siyasətlə məşğul olmaq fikrim yoxdu”

00:25 / 19.03.2012
 Azərbaycan Prezidenti İlham Əliyevin martın 15-də imzaladığı əfv sərəncamı ilə məhkumluğuna son verilmiş AXCP üzvü Ruslan Bəşirli saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsindən evə buraxılıb. APA-nın xəbərinə görə, R.Bəşirli hazırda Bakıda qohumlarından birinin evindədir. Onu dostları ziyarət edib. O, səhhətində müəyyən problemlər olduğunu, ürəyindəki sıxıntılardan əziyyət çəkdiyini deyib. R.Bəşirli Azadlıq Radiosuna deyib ki, o, bundan sonra siyasi fəaliyyətlə məşğul olmaq fikrində deyil: “Bundan sonra siyasi fəaliyyətlə məşğul olmaq, siyasi təşkilata rəhbərlik etmək fikrim yoxdu. Jurnalistika və ya hüquq müdafiəçisi ola bilər, ola bilər ki, ümumiyyətlə başqa işlə məşğul olum. Bunun kiminsə siyasi xəttindən xoşum gəlib-gəlməməsi ilə bir əlaqəsi yoxdu. Mən bu fikrə hər hansı təzyiqlə, ya da bu gün gəlməmişəm. Dörd il əvvəl qərar verdim buna. Amma harda olacamsa, çalışacam vicdanlı olum”. O, əfv olunmaq üçün prezidentə müraciət etdiyini təsdiqləyib: “Mümkün deyil ki, əfv ərizəsi yazılmadan məhkum azadlığa çıxsın. Bu, bir proseduradır. Bunun başqa bir yolu yoxdur. Kim deyir ki, əfv ərizəsi yazmadan əfv olunub, bu, yalan şeydir. Bu, qeyri-mümkündür. İndi mənim prezidentə yazdığım ərizəni televizorda görsətdilər. O biriləri göstərməyiblərsə, bu o demək deyil ki, həmin adamlar yazmayıblar. 6 ildən çoxdur həbsdə idim, heç düz əməlli müdafiə də olunmurdum. İndi nə oldu əfv ərizəsi yazmağımı deyirlər...”. Qeyd edək ki, R.Bəşirli 2005-ci il, avqustun 4-də Cinayət Məcəlləsinin 278-ci (“hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama”) maddəsi ilə təqsirləndirilərək həbs olunub. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. Ruslan Bəşirli martın 14-də prezidentə əfv ərizəsi ilə müraciət edib.


Bu yazı ( 118 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar