12px14px16px18px

Ermənistanın təcavüzkar siyasəti ilə bağlı BMT baş katibinə müraciət edilib

00:25 / 19.03.2012
Azərbaycanın BMT-də daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev Ermənistan Silahlı Qüvvələri tərəfindən dekabr (2011)- yanvar (2012) aylarında atəşkəs rejimin pozulması, eləcə də Ermənistan prezidentinin 2012-ci il 22 yanvar və 18 fevral tarixli çıxışları ilə əlaqədar BMT Baş katibinə məktub ünvanlayıb. Daimi nümayəndəlikdən APA-ya verilən məlumata görə, məktub BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın rəsmi sənədi kimi yayılıb. Məktubda bildirilir: “Azərbaycan hökumətinin tapşırığı ilə diqqətinizi Ermənistan Silahlı Qüvvələrinin 2011-ci ilin dekabr və 2012-ci ilin yanvar aylarında atəşkəs rejimini pozmağa davam etməsi ilə bağlı faktlara yönəltmək istəyirəm. Atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi və bir dinc sakin öldürülüb. Qeyd olunan dövrdə Ermənistan Silahlı Qüvvələri intensiv atəş açmaqda davam edib, hərbçilərə, həmçinin mülki hədəfləri təkcə Azərbaycanın işğal altında olan ərazilərindən deyil, həm də Ermənistan ərazisindən atəşə tutmağa davam ediblər. Bu dövrdə həm də Ermənistanın yüksək vəzifəli şəxslərinin düşmənçilik bəyanatları qeydə alınıb. Ermənistan prezidenti Serj Sərkisyanın 2012-ci il yanvarın 12-də Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə (www.president.am/events/statements/eng/?id=121) və 2012-ci il fevralın 18-də Vətənin Könüllü Müdafiəçiləri İttifaqının doqquzuncu konfransında (http://www.president.am/events/statements/eng/?id=122) çıxışı zaman verdiyi bəyanatlar Ermənistanın Azərbaycana qarşı apardığı müharibənin əsl səbəbləri, gedişi və nəticələrinin həyasızcasına təhrif olunmasına dair yeni nümunələrdir. Əslində istənilən sivil cəmiyyətdə biabırçılıq və tənə obyekti ola biləcək öz silahlı qüvvələrini, həmçinin müharibə dövründə dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi ağır cinayətlərə görə məsuliyyət daşıyan bir qrup başkəsəni tərifləməklə Ermənistan prezidenti öz düşüncəsinə görə “erməni brend”i və “erməni dəyərlər sistemi”nin nədən ibarət olduğunu açıq şəkildə ortaya qoyur. Eyni zamanda Ermənistanın təbliğat maşını Azərbaycanın guya hərbi büdcəni artırmaqda və müharibəyə hazırlaşmaqda ittiham etdiyi bir dövrdə Ermənistan prezidenti öz ölkəsinin əsaslandırılmamış silahlanma siyasəti yürütdüyünü təsdiqləyən açıq bəyanatlar verir. 2010-cu ildə NATO-nun mənzil-qərargahına səfəri zamanı Serj Sərkisyan bəyan edib ki, “erməni ordusu elə silahlara malikdir ki, Ermənistandan 10 dəfələrlə böyük olan ölkələr bu silahlara sahib olmağı yalnız arzu edə bilərlər” (BMT baş katibi və Ermənistan prezidentinin iştirakı ilə keçirilmiş görüşdən mətbuat üçün hazırlanmış materiala www.nato.int/cps/en/natolive/opinions_63920.htm ünvanında baxmaq olar). Yanvarın 22-də verilmiş bu bəyanatda Ermənistan prezidenti qeyd edib ki, “biz əvvəllər silahlarımızı, hətta güllələrimizi sayırdıq, bu gün isə çox güclü silah arsenalımız var”. Bundan başqa Ermənistan Azərbaycanın işğal latında olan ərazilərində hərbi iştirakını genişləndirir. Xüsusilə bu yaxınlarda kütləvi informasiya vasitələri Ermənistan Silahlı Qüvvələrinin bu ərazilərdə pilotsuz kəşfiyyat təyyarələrindən istifadə etdiyini yazıb. Məlumdur ki, belə təyyarə 2011-ci il sentyabrın 21-də Ermənistanda keçirilmiş hərbi paradda ictimaiyyətə nümayiş olunub. Yuxarıda qeyd olunan məlumatlar təsdiq edir ki, Ermənistanın yürütdüyü təcavüzkar, nifrət və saxtalaşdırma siyasəti münaqişənin danışıqlar yolu ilə nizamlanmasına yönəlmiş səylərə mane olur, regional və beynəlxalq sülh, təhlükəsizlik və stabillik üçün ciddi təhlükə kəsb edir”.


Bu yazı ( 111 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar