12px14px16px18px

Musa Qasımlı: “Əhalinin demoqrafik vəziyyəti ilə bağlı dövlət proqramı qəbul olunmalıdır”

00:19 / 19.03.2012
 Hər bir ölkə, o cümlədən Azərbaycan üçün də demoqrafik vəziyyət, əhalinin artımı məsələsi çox mühüm, çox əhəmiyyətli məsələdir. Ona görə də, hesab edirəm ki, bu məsələ daim Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin diqqətində olmalıdır. Bu fikirləri Milli Məclisin (MM) dünənki plenar iclasında hökumətin illik hesabatı ətrafında millət vəkili, professor Musa Qasımlı dilə gətirib. Millət vəkili əhalinin artımı məsələsinin aktuallığını nəzərə alaraq təklif edib ki, Azərbaycanın demoqrafik vəziyyəti ilə bağlı dövlət proqramı qəbul edilsin: “Hələlik Azərbaycanda əhali artımı, demoqrafik vəziyyətlə bağlı elə bir ciddi problem yoxdur. Ancaq hesab edirəm ki, dövlət proqramının qəbulu bir neçə ildən sonra çox vacib və lazım olacaq”. Hesabat ətrafında çıxış edən digər millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa son günlər nəqliyyat sahəsində süni qiymət artımlarının baş verməsinə öz narazılığını ifadə edib. Millət vəkilinin dediyinə görə, cəmi bir neçə gün əvvəl Bakı-Ankara-Bakı reysi ilə uçan təyyarənin 1 sərnişini üçün uçuş qiyməti 320 manat təşkil edirdisə, bu günlərdə birdən-birə bu məbləğ 800 manata qalxıb. “Axı bu necə ola bilər? Əgər bu tələbat varsa əlavə təyyarə reysləri açılsın və yaxud reyslərin sayı artırılsın. İnsanları, vətəndaşları incitmək olmaz. Və yaxud bayram günləri ilə əlaqədar rayonlardan Bakıya, Bakıdan isə rayonlara gedib-gələn imkansız insanlar xeyli əlavə çətinliklərlə üzləşməli olurlar. Onlar öz evlərinə gedib-gəlmək üçün ən azı 15-20 manat yol pulu ödəməli olurlar. Axı vətəndaşları narazı salmağa nə ehtiyac var? Hesab edirəm ki, avtobuslarla sərnişin daşınmalarında da tələbat yüksəkdirsə, əlavə marşrutlar açılsın. Ümumiyyətlə, bu istiqamətdə çox ciddi addımlar atılmalıdır”. Hakim partiyadan olan Musa Quliyev isə çıxışında ölkə başçısının köhnə əmanətlərin qaytarılması ilə bağlı müvafiq sərəncamına toxunaraq, bunu çox müsbət bir addım kimi dəyərləndirib: “Köhnə əmanətlərin qaytarılması əmanətçilərin çoxdan bəri gözlədiyi bir aksiya idi. Fikrimcə, Azərbaycan prezidenti və rəhbərliyi bu məsələni çox uğurlu şəkildə nizamlaya bildi. Hətta deyərdim ki, keçmiş sovet əmanətlərinin qaytarılması ilə bağlı Azərbaycanın tətbiq etdiyi variant MDB məkanında ən uğurlu variantdır. Bu məsələ ilə bağlı müxalifət dairələrinin çirkin manipulyasiyalar etməsinin də heç bir əhəmiyyəti və nəticəsi ola bilməz”. Kamil HƏMZƏOĞLU


Bu yazı ( 127 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar