12px14px16px18px

Prezident Administrasiyası Xədicə İsmayılovayla bağlı məsələyə münasibət bildirdi

“ŞƏXSİ HƏYATIN TOXUNULMAZLIĞI HÜQUQUNU POZANLAR MƏSULİYYƏTƏ CƏLB OLUNMALIDIRLAR”

11:57 / 16.03.2012
Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanov jurnalist Xədicə İsmayılovanın şəxsi həyatına aid videonun yayılması ilə bağlı bəyanat verib. APA-nın məlumatına görə, bəyanatda deyilir: “Bir neçə gün öncə Azərbaycan internet məkanında “Azadlıq Radiosu”-nun Azərbaycan bürosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatına aid video görüntülər yayılıb.
Azərbaycan hakimiyyəti göstərdiyi siyasi mövqedən, fikir və düşüncələrindən asılı olmayaraq, istənilən jurnalistin şəxsi həyatına olan müdaxiləni yolverilməz sayır. Vətəndaşların şəxsi həyatının qorunması demokratik cəmiyyətlərdə insan hüquq və azadlıqlarının əsas elementidir. Azərbaycan Respublikasının Konstitusiyası dilindən, dinindən, etnik mənsubiyyətindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hüquq və azadlığını təmin edir, onu şəxsi və ailə həyatına olan qeyri-qanuni müdaxilələrdən qoruyur.
Biz bu video görüntünün yayılmasını Azərbaycanda stabilliyi pozmağa cəhd edən, ölkənin beynəlxalq imicinə zərər verməyə çalışan və cəmiyyətdə gərginlik və çaşqınlıq yaratmaq istəyən təxribatçı qüvvələrin təbliğat kampaniyasının bir hissəsi kimi qəbul edirik.
Məsələni hal-hazırda araşdıran Azərbaycan Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları bu çirkin əməllərin arxasında dayanan şəxslərin və qüvvələrin üzə çıxarılması və cəzalandırılması üçün əlindən gələni edəcək.
Azərbaycan hakimiyyəti Xədicə İsmayılovanın şəxsi həyatına olmuş bu müdaxiləni qəti şəkildə pisləyir və həqiqətin tezliklə üzə çıxacağına inanır”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da Xədicə İsmayılovanın şəxsi həyatına aid videonun yayılmasına münasibət bildirib. O deyib ki, hər bir vətəndaşın şəxsi həyatının toxunulmazlığı hüququ Azərbaycan Konstitusiyasında təsbit olunub və heç kimin şəxsi həyatına müdaxilə edilə bilməz.
Şöbə müdirinin sözlərinə görə, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, baş vermiş bütün belə hallarla bağlı müvafiq orqanlar ciddi tədbir görməlidir və görür: “Şəxsi həyatın toxunulmazlığı fundamental insan hüquqlarından biridir. Bu hüququ pozanlar qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb olunmalıdırlar. Jurnalist Xədicə İsmayılovanın məsələsinə gəldikdə isə, deyə bilərəm ki, biz bu halı pisləyirik və vəzifəsindən, sosial statusundan asılı olmayaraq insanlara qarşı belə davranışı yolverilməz hesab edirik. Hazırda məsələ ilə əlaqədar müvafiq orqanlar tərəfindən araşdırma aparılır və nəticə barədə əlavə məlumat veriləcək”.
Baş Prokurorluq da “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının əməkdaşı Xədicə İsmayılova ilə bağlı açıqlama verib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın Baş Prokurorluğa daxil olmuş müraciəti müvafiq qaydada araşdırılması üçün Daxili İşlər Nazirliyinə göndərilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə bildirib ki, Xədicə İsmayılovanın şikayət ərizəsi nazirliyə daxil olub və DİN rəhbərliyi aidiyyəti xidmət sahələrinə şikayətdə göstərilənlərin araşdırılması haqda tapşırıq verib: “Məktubda göstərilənlər qanunla müəyyən olunmuş vaxt ərzində araşdırılacaq. Nəticələrdən asılı olaraq qanuni tədbir görüləcək. Araşdırma başa çatdıqdan sonra ərizə müəllifinə cavab veriləcək”.
Qeyd edək ki, martın 7-də Xədicə İsmayılovanın yaşadığı ünvana təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Martın 14-də isə internetdə Xədicə İsmayılovanın şəxsi həyatına aid video görüntü yayılıb.
Ən son məlumata görə, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının əməkdaşı Xədicə İsmayılovanın şikayəti əsasında cinayət işi başlanıb. AzərTAc-ın verdiyi xəbərə görə, Baş Prokurorluğun mətbuat xidməti bununla bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, “Azadlıq Radiosu”nun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyindən daxil olmuş araşdırma materialları əsasında Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə cinayət işi başlanıb. İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb.



Bu yazı ( 170 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar