12px14px16px18px

Almaniyanın XİN başçısı Azərbaycan rəhbərliyi ilə görüşdü

11:48 / 16.03.2012
Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Guido Vestervelleni qəbul edib. APA-nın məlumatına görə, Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin geniş sahələri əhatə etdiyini və yaxşı əməkdaşlığımızın mövcud olduğunu vurğulayan dövlət başçısı xarici işlər naziri G. Vestervellenin səfərinin tərəfdaşlığın daha da gücləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.Öz növbəsində, G. Vestervelle Azərbaycanda keçirdiyi görüşlər barədə Prezident İ.Əliyevə məlumat verib. Diplomatik əlaqələrin bu il 20 ilinin tamam olduğunu vurğulayan Almaniyanın xarici işlər naziri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və bu çərçivədə ölkələr arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezidentlə görüşdən əvvəl Guido Vestervelle azərbaycanlı həmkarı Elmar Məmmədyorovla da danışıqlar aparıb. O, görüşdən sonra jurnalistlərə bildirib ki, Azərbaycan Almaniya üçün mühüm siyasi və iqtisadi tərəfdaşdır: “Bu il Azərbaycan və Almaniya arasında səmərəli və sıx diplomatik əlaqələrin 20 illiyi qeyd edilir. Azərbaycan çox səmərəli və gözəl inkişaf edir. Bu inkişafın böyük potensialı var”.
O, həmçinin Azərbaycanın Almaniya üçün tranzit ölkə kimi də vacib olduğunu qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən nazir Vestervelle deyib ki, münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır: “Bu problemi nizamlamaq üçün bütün vasitələrdən istifadə olunmalıdır. Çünki münaqişənin həlli region üçün vacibdir”. Almaniyanın XİN başçısı bildirib ki, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə İranın nüvə proqramını da müzakirə edib: “Biz istəməzdik ki, İran tərəfi nüvədən silah kimi istifadə etsin”.
Qeyd edək ki, görüşdə Azərbaycan və Almaniyanın xarici işlər nazirləri Bakıda Almaniyanın Xarici Ticarət Palatasının təsis edilməsi ilə bağlı sənəd imzalayıblar. Elmar Məmmədyarovun sözlərinə görə, görüşdə ikitərəfli və regional məsələlər, o cümlədən Suriyadakı durum, İranın nüvə proqramı, Dağlıq Qarabağ münaqişəsi, Avropa İttifaqı-Azərbaycan və NATO-Azərbaycan əməkdaşlığı barədə müzakirələr aparılıb.
Jurnalistlərin “son vaxtlar Almaniyada Azərbaycana qarşı kampaniya başlayıb. Bununla bağlı fikriniz nədir” sualına cavabında Almaniya XİN başçısı Guido Vestervelle deyib: “Almaniya mətbuatı azaddır və nəzarət altında deyil”.
“Amma Almaniyada Azərbaycan haqqında fikirlər müxtəlifdir. Azərbaycan inkişafına qiymət verənlər də var”, deyə o bildirib.
Nazir xatırladıb ki, Azərbaycan və Almaniya arasında uzunmüddətli əlaqələr mövcuddur və Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub: “Bu onu göstərir ki, biz Azərbaycana çox yaxınıq”.
Almaniyanın xarici işlər naziri Guido Vestervelle bir sıra siyasi partiyaların liderləri və ictimai təşkilatların rəhbərləri ilə də görüşüb. Bu barədə görüş iştirakçılarından biri olan “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev məlumat verib. E. Fətullayev görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, hüquq müdafiəçisi Leyla Yunus , politoloqlar İlqar Məmmədov və Ərəstun Oruclunun iştirak etdiyini deyib: “Görüşdə demokratiya və insan haqları mövzusunda müzakirə aparıldı. Mən bildirdim ki, Ədliyyə Nazirliyi və Penitensiar Xidmətlə konstruktiv əlaqə yaratmışıq və bunda Almaniyanın da böyük rolu var”.






Bu yazı ( 164 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar