12px14px16px18px

Meriya gənclərin mitinqinə icazə verdi

11:41 / 16.03.2012
Bakı Şəhər İcra Hakimiyyəti Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) martın 17-də mitinq keçirmək istəyi ilə bağlı müraciətinə cavab verib. GHMK-nin İdarə Heyətinin üzvü Samir Əsədlinin APA-ya verdiyi məlumata görə, paytaxt meriyası müraciətə baxaraq, kütləvi aksiyanın keçirilməsi niyyətini müsbət qarşılayıb. İcra hakimiyyəti mitinq üçün Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanı məqbul hesab edib.
S. Əsədli qeyd edib ki, təmsil olunduğu qurumun paytaxt meriyasının mitinq üçün ayırdığı yerlə bağlı hər hansı narazılığı yoxdur və kütləvi aksiyanın həmin ünvanda keçirilməsi üçün artıq hazırlıqlara başlanılıb.
Qeyd edək ki, mitinqin saat 15.00-dan 17.00-dək keçirilməsi planlaşdırılır.
Mitinqdə GHMK-ya Vətəndaş Həmrəyliyi, Xalq Cəbhəsi, Demokrat və Müsavat gənclər təşkilatları, o cümlədən “Nida” Vətəndaş Hərəkatı, “Dalğa”, “Azad”, “Müsbət Dəyişiklik” gənclər hərəkatları və İnsan Hüquqları Klubu daxildir. Aksiyada “Qarabağ”, “Siyasi məhbuslara azadlıq”, “Rüşvətsiz təhsil” və “Rüşvətə yox” şüarları səslənəcək.
Xatırladaq ki, GHMK-nın martın 4-də mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətinə mənfi cavab verilmişdi.




Bu yazı ( 167 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar