12px14px16px18px

Avropa Məhkəməsi “erməni soyqırımı” ilə bağlı qərar verəcək

01:09 / 13.03.2012
Türkiyənin Tələt Paşa Komitəsi uydurma “erməni soyqırımı” barədə qərar qəbul etmiş parlamentlərlə mübarizəni gücləndirəcək. APA-ya daxil olan məlumata görə, bu barədə komitənin Məşvərət Şurasının İstanbulda keçirilən toplantısında qərar qəbul edilib. Toplantının açılışında çıxış edən Tələt Paşa Komitəsi Məşvərət Şurasının sədri, İstanbul Universitetinin keçmiş rektoru, professor Kamal Aləmdaroğlu indiyə qədər komitənin Avropada apardığı mübarizənin ən önəmli nəticəsinin Fransa Konstitusiya Şurasının qərarında özünü göstərdiyini söyləyib. O bildirib ki, komitənin indiki əsas hədəfi İşçi Partiyasının lideri Doğu Pərinçəkin İsveçrədən Avropa İnsan Haqları Məhkəməsinə etdiyi şikayətlə bağlı Türkiyə lehinə qərar çıxarılmasına nail olmaqdan ibarətdir. AİHM-dəki proseslə bağlı son məlumatları verən Doğu Pərinçəkin vəkili Mehmet Cengiz toplantıdakı çıxışında deyib: “Türkiyə dövləti uzun müddətdən sonra bizim Avropada apardığımız mübarizənin mahiyyətini anladı və Xarici İşlər Nazirliyimiz Doğu Pərinçəki tam müdafiə edən məktubu keçən ilin sentyabrında AİHM-ə göndərdi. Məhkəmə İsveçrədən istədiyi müdafiənin sadəcə fikir və düşüncə azadlığı çərçivəsində olmasını tələb edib ki, bu da qərarın bizim lehimizə çıxmasıan dair ümidimizi gücləndirir. Strasburqdan mənə zəng edərək deyiblər ki, artıq məhkəməyə yeni sənədlər göndərməyin, çünki məhkəmə qərar qəbul etməyə çıx yaxınlaşıb, göndərdiyiniz hər bir yeni sənəd prosesin uzanmasına səbəb olur. AİHM-dən hər an qərar çıxa bilər. Mən bu qərarın bizim lehimizə olacağına inanıram, əgər belə olarsa, AİHM qərarı Avropa Şurasına üzv olan bütün ölkələr üçün məcburi olacaq və o ölkələr Türkiyənin əleyhinə “soyqırım” qərarı qəbul edə bilməyəcəklər. AİHM-in qərarı bizim lehimizə çıxarsa, biz “soyqırım” qərarı qəbul etmiş digər ölkələrin parlamentlərinə təzyiq göstərərək o qərarları ləğv etdirəcəyik”. Toplantıda çıxış edən Tələt Paşa Komitəsinin sözçüsü Cüneyt Akalın İzmirdəki Azərbaycan dərnəkləri ilə komitə arasında əməkdaşlıq üçün yeni planlar üzərində işlədiklərini bildirib. Çıxış edənlər Avropada uydurma “erməni soyqırımı” böhtanlarına qarşı mübarizədə İstanbuldakı Qalatasaray liseyi və Qalatasaray Universitetinin gücündən daha səmərəli istifadə edilməsinin lüzumunu vurğulayıblar. Xatırladaq ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Pərinçək İsveçrədə “erməni soyqırımı beynəlxalq yalandır” dediyi üçün bu ölkə məhkəməsi tərəfindən cəzalandırılıb. D. Pərinçək bu qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib.


Bu yazı ( 155 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar