12px14px16px18px

Xorvatiya prezidenti Bakıda İlham Əliyevlə danışıqlar apardı

01:02 / 13.03.2012
Dünən Xorvatiya Prezidenti İvo Yosipoviç Azərbaycana rəsmi səfərə gəlib. Xorvatiya Prezidentini İvo Yosipoviçi hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda Prezident İvo Yosipoviç və baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub. Sonra İvo Yosipoviçin rəsmi qarşılanma mərasimi keçirilib. Xorvatiya prezidentini və xanımı Tatyana Yosipoviçi Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar. Azərbaycanın dövlət və hökumət nümayəndələri İ. Yosipoviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri isə İ. Əliyevə təqdim olunub.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər və xanımları rəsmi foto çəkdiriblər. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Xorvatiya prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviçlə birgə görüşü olub. Sonra prezidentlərin təkbətək görüşü keçirilib. Görüşdə Azərbaycanla Xorvatiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. Xorvatiya prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra görüş nümayəndə heyətlərinin geniş tərkibdə iştirakı ilə davam etdirilib. Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu səfər iki ölkə arasında münasibətlərin inkişafında çox mühüm rol oynayacaq: “Biz ikitərəfli əməkdaşlığa aid bir çox məsələləri müzakirə etdik. Bu, çox səmimi və açıq müzakirələr oldu. Əminəm ki, səfərinizin nəticələri çox uğurlu olacaq və əməkdaşlığımız genişlənərək bir çox sahələri əhatə edəcək”. Dövlət başçısı iki ölkə arasında çox fəal siyasi dialoqun mövcud olduğunu bildirib: “Siyasi münasibətlərimizin səviyyəsi əladır. Səfəriniz bunun yaxşı göstəricisidir. Lakin hesab edirəm ki, həyatımızın digər sahələrinə də nəzər yetirməliyik. Bu gün biz iqtisadi əməkdaşlığı, sərmayə imkanlarını müzakirə etdik. Fikrimcə, ikitərəfli münasibətlərimizin uğurlu inkişafı regionlarımız arasında da daha yaxşı əlaqələrin qurulmasına yardım edəcək. Azərbaycan Xəzər dənizi regionunda olduqca mühüm rol oynayır. Siz öz regionunuzda aparıcı dövlətlərdən birisiniz. Bir sözlə, ölkələrimiz arasında sıx əlaqələr birmənalı olaraq regional əməkdaşlığa çox yaxşı təsir göstərəcək. Əminəm ki, səfərinizin nəticələri uğurlu olacaq və ölkələrimiz bir-birinə daha yaxın olacaq”. Öz növbəsində, Xorvatiya prezidenti İvo Yosipoviç təkcə siyasi deyil, o cümlədən iqtisadi və mədəni sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanlar var: “Nümayəndə heyətimiz gələcək iqtisadi əməkdaşlığımızı təfərrüatı ilə müzakirə etməyə hazırdır. Sizin regionda sərmayə qoymaqla bağlı böyük planlarınızdan məlumatımız var. Cənub-Şərqi Avropa regionu ilə Qafqaz regionu arasında yaxşı əməkdaşlıq imkanları mövcuddur. Ölkələrimizin kəşməkəşli tarixi olub. Tarixi baxımından təcrübəmiz oxşardır. İkitərəfli münasibətlərimiz qarşılıqlı anlaşmaya əsaslanır”. Danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Xorvatiya sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Nazim İsmayılov və Xorvatiya xarici və Avropa işləri üzrə nazirinin müavini Yoşko Klisoviç, “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya xarici və Avropa işləri üzrə nazirinin müavini Yoşko Klisoviç, “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”i isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Radimir Çaçiç imzalayıblar (APA).





Bu yazı ( 155 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar