12px14px16px18px

Tale Heydərov: “Məqsədimiz Azərbaycanı bütün istiqamətlər üzrə Avropa ölkələrində tanıtmaqdır”

“ƏSAS ISTIQAMƏTLƏRDƏN BIRI AVROPA ÖLKƏLƏRININ PARLAMENTLƏRINDƏ APARILAN LOBBIÇILIK IŞINDƏN IBARƏTDIR”

01:00 / 13.03.2012
Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında II panelin mövzusu “Azərbaycan lobbi quruculuğu: müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin baxış bucağında” olub. APA-nın məlumatına görə, II paneldə Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov “Azərbaycanlı gənclərin lobbi quruculuğunda fəal iştirakı: mövcud təcrübə və müasir dünyanın reallıqları” mövzusunda məruzə edib. T. Heydərov əvvəlcə rəhbəri olduğu təşkilat barədə danışıb: “Təşkilatımız 4 il əvvəl London şəhərində təsis olunub. Hazırda bizim Londonda, Parisdə, Berlində, Brüsseldə və Bakıda ofislərimiz fəaliyyət göstərir. Məqsədimiz Azərbaycanı bütün istiqamətlər üzrə Avropa ölkələrində tanıtmaqdır. İlk istiqamət Azərbaycanın Avropa mediasında yaxşı imic qazanmasına yönəlib. Məsələn, filmlərin çəkilməsi... Söhbət həm bədii, həm də digər janrlı filmlərdən gedir. Hazırda təşkilatımız bu istiqamətdə işlər aparır. Amerikalı azərbaycanşünas, jurnalist və professor Tomas Qoldsun rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə bağlı film çəkilməkdədir. Həmin filmdə xarici jurnalistlər, diplomatlar, dövlət xadimləri Azərbaycan haqqında təəssüratlarını bölüşüblər. Məqsədimiz bu filmi xarici telekanallarda və festivallarda göstərməkdir”. T. Heydərov təbliğat sahəsində internetin rolunun əhəmiyyətini də vurğulayıb: “Biz internetin imkanlarından effektiv istifadə etməliyik. Digər istiqamət isə Avropa ölkələrinin parlamentlərində aparılan lobbiçilik işindən ibarətdir. Bizim cəmiyyət İngiltərədə Britaniya-Azərbaycan Dostluq Palatası qurub. Hazırda bu palata İngiltərə parlamentində ən böyük palatalardan biri hesab olunur. Palatanın 60-dan çox üzvü var. Biz palata üzvlərinin bir neçə dəfə Azərbaycana səfərini də təşkil etmişik. Bu cür səfərlərin böyük effekti var. Çünki biri var onlar Azərbaycan haqqında haradasa oxusunlar, biri də var ölkəyə gələrək buradakı inkişafı öz gözləri ilə görsünlər”. T. Heydərov lobbiçilik fəaliyyətində nəşrlərin rolundan da danışıb: “Hazırda bizim təşkilatın jurnalı nəşr olunur. “Akademik tarix” seriyasından nəşr olunan Məmməd Səid Ordubadinin “Qanlı illər” və “Qafqazda erməni məsələsi” kitabları bu cəhətdən vacib hesab oluna bilər. Akademik Ziya Bünyadovun “Azərbaycan VII-VIII əsrlərdə” əsərini, “Azərbaycan yazıçılarının seçilmiş əsərləri” toplusunu və digər kitabları qeyd edə bilərəm. “Qafqazda erməni məsələsi” kitabı ABŞ-dakı erməni lobbisi arasında böyük narahatlığa səbəb olub. Kolumbiya Universitetinin erməni əsilli professoru Corc Burnutyanın “Ararat” jurnalında yazdığı məqalə xüsusilə diqqət çəkir”.


Bu yazı ( 104 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar