12px14px16px18px

Fransada Avropa Azərbaycan Cəmiyyətinin ofisinin açılışı olub

00:49 / 10.03.2012
Martın 7-də Avropa Azərbaycan Cəmiyyəti (AAC) Fransada ofis açıb. Ofis Parisin diplomatik rayonunun yaxınlığında, 18-ci əsrin abidəsi olan “Maison des Polytechniciens” otelində yerləşir. AAC-dən APA-ya verilən məlumata görə, açılış mərasimində 300-dən çox qonaq iştirak edib. Onlar Azərbaycanın mədəniyyətini, təbiətini, landşaftını təsvir edən foto-sərgiyə baxıblar. Cəmiyyətin Fransa ofisinin rəhbəri Eliza Piter təşkilatın fəaliyyəti və Fransa ofisinin məqsədləri barədə danışaraq bildirib ki, cəmiyyət Azərbaycanı Fransa xalqına yaxınlaşdırmaq istəyir. O deyib ki, Azərbaycan və Fransa dünyəvilik, qanunun aliliyi və demokratiya kimi ümumu prinsipləri bölüşürlər. AAC sədri və təsisçisi Tale Heydərov Fransa və Azərbaycanı birləşdirən bağlardan danışıb, Aleksandr Dümanın Qafqaza səyahəti zamanı Dağlıq Qarabağa səfərini xatırladıb. O qeyd edib ki, əgər indiki zamanda olsaydı, Düma Qarabağı ziyarət edə və onun irsini öyrənə bilməzdi, çünki indi bu bölgə erməni işğalı altındadır. Fransa parlamentinin üzvü, Fransa-Azərbaycan Dostluq Qrupunun sədri Jan-Lui Dümon Avropa Azərbaycan Cəmiyyətinin Fransada fəaliyyətinin vacibliyini vurğulayıb. O bildirib ki, bu, iki ölkə arasında ictimai-siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Dümon Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu xatırladıb. Onun fikrincə, bu məsələdə Fransa cəmiyyətinin bütün elementlərinin anlayışı və dəstəyi vacibdir. Əslən Lorren vilayətindən olan Dümon bəyan edib ki, onun vilayəti də işğalın və məcburi köçkünlüyün nə olduğunu bilir və o, erməni işğalı nəticəsində məcburi köçkünə çevrilmiş 875 min azərbaycanlının dərdini bölüşür. Sonra Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupunun sədr müavini, bu yaxınlarda Bakıya səfər etmiş Natali Qule söz alıb. O bildirib ki, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, eyni zamanda ölkə əhalisinin onda biri yurd-yuvalarından didərgin salınıb. Senator Azərbaycanın bu ziddiyyətli vəziyyətə mətanətlə sinə gərdiyini deyib. O, AAC-ı Azərbaycan gəncliyinə dəstək verməyə çağırıb ki, gənclik gələcəyə doğru irəliləsin və eyni zamanda keçmişi unutmasın. Sonra Parisdə yaşayan azərbaycanlı pianoçu Səidə Zülfüqarova, zərb alətlərinin ifaçısı Nikola Vranken, metso soprano Cəmilə Babayeva Azərbaycan və Qərb klassik musiqi parçalarını ifa ediblər. Axşam canlı tanışlıq sessiyası ilə başa çatıb.


Bu yazı ( 198 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar