12px14px16px18px

Azərbaycanda bir sıra ağır cinayətlərin üstü açılıb

00:47 / 10.03.2012
Azərbaycanda bir sıra ağır cinayətlərin üstü açılıb. “Trend” DİN və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata istinadən bildirir ki, fevralın 28-də Mingəçevir şəhər sakini 77 yaşlı Əfsər Abdurəhmanovun yaşadığı mənzildə üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib və fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhər Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri Kamran və Orxan Rüstəmovlar martın 2-də tutularaq istintaqa cəlb ediliblər. Prosessual araşdırmalar göstərib ki, fevralın 27-də, oğlu Orxanla birlikdə mərhumun yaşadığı mənzilə qarət məqsədi ilə gələn Kamran Rüstəmov gətirdiyi dəmir parçası ilə Əfsər Abdurəhmanova çoxsaylı zərbələr endirməklə onu öldürüb. Onlar evdə olan qızıl-zinət əşyalarını və pensiya kartlarını götürüb, izi itirmək üçün cinayətin aləti olan dəmir parçasını və istifadə etdikləri əlcəkləri atıb, lakin sonradan həmin əşyalar tapılaraq maddi sübut kimi istintaqa təqdim edilib. Məlumata görə, başqa bir ağır cinayət hadisəsi Şabran rayonunda törədilib. Fevralın 29-da Sincanboyad kəndi ərazisində rayon sakini Əbil Şükürovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub. Bununla əlaqədar Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarışı İdarəsi, rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Xəyyam Pənahov tutularaq istintaqa cəlb edilib. Müəyyən olunub ki, o, həmin gün mərhumun Sincanboyad kəndinə getdiyini bilərək, qisas almaq məqsədilə, gecə saat 02:00 radələrində Əbil Şükürova bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu öldürüb. Hazırda hər iki cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Bu yazı ( 182 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar