12px14px16px18px

Naşirlər bir assosiasiyada birləşdi

08:20 / 07.03.2012
Martın 2-də “Təhsil Nəşriyyat-Poliqrafiya” Birliyində ölkədə fəaliyyət göstərən tanınmış nəşriyyatların rəhbərlərinin, yazar və ziyalıların iştirakı ilə Azərbaycan “Naşirlər və Poliqrafçılar” İctimai Birliyi (Assosiasiyası) təsis olundu.
Təsis konfransında “Təhsil Nəşriyyat-Poliqrafiya”, “Aspoliqraf LTD”, “Çağdaş As”, “Azərnəşr”, “Elm və təhsil”, “El”, “Qismət”, “Avrasiya-press”, “Nağıl evi”, “Şirvannəşr” və digər nəşriyyatların rəhbərlikləri iştirak edirdilər.
Çıxış edənlər Avropada və eləcə də MDB məkanında naşirləri birləşdirən təşkilatların fəaliyyət göstərdiyini qeyd edərək Azərbaycanda da nəşriyyat və poliqrafiya sahəsinin inkişafı və naşirlərin birgə fəaliyyəti üçün belə bir quruma ehtiyac olduğunu bildirdilər.
Təsis yığıncağında çıxış edən “Təhsil Nəşriyyat-Poliqrafiya” birliyinin baş direktoru Bəhruz Axundov qeyd etdi ki, assosiasiya Azərbaycanda nəşr mədəniyyətinin, nəşr strukturunun genişləndirilməsində, poliqrafiya bazalarının əlaqələndirilməsində xüsusi bir struktur olacaq.
“Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, “Avrasiya-press” nəşriyyatının icraçı direktoru Umud Rəhimoğlu, “El” nəşriyyatının direktoru Cəfər Bağırov, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli öz təklif və fikirlərini bildirdilər.
Daha sonra Azərbaycan “Naşirlər və Poliqrafçılar” İctimai Birliyi (Assosiasiyası) təsis edildi. Qurumun 9 nəfərdən ibarət heyəti seçildi və toplantıda iştirak edən nəşriyyatlar birliyin təsisçiləri elan edildilər. “Təhsil Nəşriyyat-Poliqrafiya” birliyinin baş direktoru Bəhruz Axundov assosiasiyanın idarə heyətinin sədri seçildi.
Təsis konfransında Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli çıxış edərək assosiasiyanın yaranmasını nəşriyyat-poliqrafiya sahəsində irəli atılmış addım kimi dəyərləndirdi. O, assosiasiyanın işlək bir qurum olacağına ümid etdiyini bildirdi: “Ümidvaram ki, bu təşkilat Azərbaycanda nəşriyyat işinin inkişafına, daha da genişlənməsinə, Azərbaycan kitabının tanınmasına öz töhfəsini verəcək. Qurumun gələcək fəaliyyəti üçün böyük perspektiv görürəm. İnanıram ki, Azərbaycan xalqı ilə Azərbaycan kitabının bir olmağında bu qurumun böyük əməyi və fəaliyyəti olacaq”.




Bu yazı ( 118 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar