12px14px16px18px

Mixail Saakaşvili Bakıya gəldi

AZƏRBAYCAN VƏ GÜRCÜSTAN PREZIDENTLƏRININ TƏKBƏTƏK GÖRÜŞÜ KEÇIRILIB

08:19 / 07.03.2012
Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycana rəsmi səfəri başlayıb. AzərTAc-ın yaydığı məlumata görə, dünən Gürcüstan prezidenti Mixail Saakaşvilinin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib. Prezident İlham Əliyev Gürcüstan prezidenti Mixail Saakaşvilini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan prezidentinə raport verib. Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndikdən sonra dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Gürcüstan prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Mixail Saakaşviliyə, Gürcüstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Daha sonra prezidentlər rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi və bu səfərlərin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi vurğulanıb. Əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunduğu görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Daha sonra geniş tərkibdə davam etdirilib. Görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakaşvilinin iştirakı ilə Azərbaycan-Gürcüstan sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Ümumi hüququn hüquqi şəxsi – Gürcüstanın Milli Statistika Xidməti arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev və Gürcüstanın Milli Statistika İdarəsinin icraçı direktoru Zaza Çelidze, “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş”i isə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Gürcüstanın idman və gənclər ilə iş üzrə naziri Vladimir Vardzelaşvili imzalayıblar.






Bu yazı ( 110 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar