12px14px16px18px

Rusiya “VAZ-2107” avtomobillərinin istehsalını dayandırır

AZƏRBAYCAN BAZARINDA “JIQULI-07”-NIN BAHALAŞACAĞI GÖZLƏNILIR

02:11 / 03.03.2012
Bu ilin aprel ayından etibarən Rusiyanın “AvtoVAZ” şirkəti “VAZ-2107” markalı avtomobillərin istehsalını dayandıracaq. “APA-Economics”in məlumatına görə, bunu Rusiya avtomobillərinin yeni standartlarla Azərbaycana gətirilməsi ilə bağlı keçirilən mətbuat konfransında “AvtoVAZ”ın Azərbaycanda rəsmi distribütoru olan “Xəzər-Lada” ASC-nin prezidenti Fəxrəddin Qasımzadə bildirib. Onun sözlərinə görə, “Xəzər-Lada” şirkəti 2011-ci ildə Azərbaycanın dövlət büdcəsinə 15 mln. ABŞ dolları məbləğində ödəniş edib: “Ümumiyyətlə, Azərbaycanın avtomobil bazarında realizə olunan yeni Rusiya avtomobillərinin 40-45%-i məhz bizim şirkətə məxsusdur. Müştərilərimiz tərəfindən indiyədək heç bir ciddi narazılıq olmayıb”. May ayının 1-dən etibarən Rusiya avtomobillərinin yeni standartlarla Azərbaycana gətirilməsinə gəldikdə isə F.Qasımzadə bildirib ki, “AvtoVAZ”ın istehsal etdiyi bütün modellər texniki baxımdan keyfiyyətlidir: “Sovet poladının illər boyu yüksək reytinqi olub və “AvtoVAZ”ın avtomobilləri məhz bu materialdan istehsal olunur. Qaldı ki, yeni standartlara, avtomobilləri sürən insanlardan da çox şey asılıdır. Məsələn, “VAZ-2107” avtomobilinin maksimal sürəti 125 km/saatı keçməməlidir, təhlükəsizlik kəmərlərindən istifadə olunmalıdır. Onu deyə bilərəm ki, “AvtoVAZ” şirkəti cari ilin aprel ayından etibarən sözügedən modelin istehsalını tam dayandıracaq. Onu da demək istərdim ki, “AvtoVAZ” hər ay təxminən 10 min avtomobil istehsal edir və bunun cəmi 500-600-ü Azərbaycana ixrac olunur. Bu o deməkdir ki, “AvtoVAZ” keyfiyyətsiz avtomobil buraxmır və Azərbaycana gətirilən avtomobillər Rusiyanın daxili bazarında, həmçinin Ukrayna, Qazaxıstan və s. ölkələrdə realizə olunur. Ümumiyyətlə, “VAZ-2107” modeli “Euro-IV” parametri ilə istehsal olunur”. Şirkətin rəsmisi onu da bildirib ki, hazırda “Xəzər-Lada”nın satış salonlarında təxminən 700 ədəd avtomobil mövcuddur və bundan bir qədər də çox artıq sifariş olunub: “Sifariş etdiyimiz avtomobillər ola bilsin ki, may ayının sonunda Azərbaycana gətirilsin. Bununla bağlı biz aidiyyəti qurumlara müraciət etmişik və ümid edirəm ki, istisna ediləcək”. F.Qasımzadə həmçinin əlavə edib ki, “AvtoVAZ”ın istehsal etdiyi bir sıra modellər Avropanın Fransa, Almaniya, İspaniya, Çexiya və bu kimi digər ölkələrə ixrac olunur: “Bu ölkələrə hər ay təxminən 2-2,5 min ədəd avtomobil göndərilir”. Artıq Azərbaycana gətirilmiş “VAZ-2107” avtomobillərinin qiymətinə gəldikdə isə, F.Qasımzadə qeyd edib ki, sözügedən modelə qiymətlərin qismən bahalaşması istisna deyil: “Hazırda “VAZ-2107” modelinin satış qiyməti 6,5-6,7 min manat təşkil edir. Avtomobilin maya dəyəri ilə satış qiyməti arasında 15%-lik fərq mövcuddur”. “Xəzər-Lada” şirkətinin prezidenti onu da bildirib ki, bundan sonra şirkət ölkəyə standartlara cavab verən avtomobilləri idxal edəcək: “Hazırda bizim Azərbaycana gətirdiyimiz “Lada-114” və “Lada-115” modellərində də ABS əyləc sistemi və təhlükəsizlik yastıqları yoxdur. Bunu aradan qaldırmaq və sözügedən modelləri müvafiq avadanlıqlarla təchiz etmək mümkündür. Lakin bu, avtomobillərin qiyməti təxminən 1 500 manat bahalaşdıracaq. Bizim satdığımız digər modellər isə tətbiq olunacaq yeni standartlara tam cavab verir”. Şirkətin satış həcminə gəldikdə F.Qasımzadə bildirib ki, “Xəzər-Lada”nın illik satış həcmi 11 min avtomobil təşkil edir. Qeyd edək ki, “VAZ-2107” avtomobil modeli 1978-ci ildən istehsal olunur. Azərbaycana bu model 1980-ci ildən etibarən idxal olunur.


Bu yazı ( 201 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar