12px14px16px18px

Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 20 ili tamam oldu

02:10 / 03.03.2012
Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 20 il keçib. APA-nın məlumatına görə, 1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul edilməsi haqqında qətnamə qəbul olunub. Bundan sonra qurumun Nyu-Yorkdakı iqamətgahı qarşısında Azərbaycan bayrağı qaldırılıb. Həmin il mayın 6-da isə BMT-də Azərbaycan nümayəndəliyi fəaliyyətə başlayıb. Bundan sonra Azərbaycan BMT ilə, habelə təşkilat çərçivəsində hərtərəfli əməkdaşlığa başlayıb. Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə çalışıb. Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın Azərbaycana təcavüzü məsələsi dəfələrlə qaldırılıb. BMT Təhlükəsizik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiqləyərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Bu gün Azərbaycan BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış təşkilatları – İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarı, Uşaq Fondu, Elm, Təhsil və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı ilə sıx əməkdaşlıq edir. Azərbaycan ötən il 2 il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.


Bu yazı ( 190 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar