12px14px16px18px

Prokuror Naxçıvanda AXCP üzvünə cəza istəyib

14:10 / 02.03.2012
Dünən Naxçıvan Ağır Cinayətlər Məhkəməsində dələduzluq və digər cinayətlərdə təqsirləndirilən AXCP üzvü Zeynalabdin Bağırzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, Z. Bağırzadənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bundan sonra hakimlər müşavirəyə gediblər. Proses martın 2-də davam etdiriləcək.
Qeyd edək ki, Z. Bağırzadə 2011-ci dekabrın 26-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2-ci (Bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2-ci (Dələduzluq) maddələri ilə ittiham elan olunub, Naxçıvan MR Prokurorluğunun vəsatəti ilə həmin tarixdə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan tədbiri seçilib.
İstintaqla müəyyən edilib ki, Babək rayonunun Nehrəm kənd sakini Bağırzadə Zeynalabdin Bağır oğlu saxta sənədlərdən istifadə edərək “Çernobıl əlili” statusu əldə edib. Belə ki, o, 1993-cü ildə özünə məxsus olan HZ № 4028514 saylı hərbi biletini Babək rayon Hərbi Komissarlığının qeydiyyat bölməsinin əməkdaşına verərək özünü vəzifəli şəxs kimi təqdim edib və Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində iştirak etməsi barədə həmin hərbi biletdə qeydlərin aparılmasını xahiş edib. Həmin dövrdə Babək rayon Hərbi Komissarlığında təlimatçı vəzifəsində işləmiş yaxın tanışı hərbi bileti ondan alıb və həmin hərbi biletin müvafiq vərəqələrində lazım olan qeydləri etmək məqsədilə Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə gizir işləyən tanışına verib, o da öz növbəsində, Zeynalabdin Bağırzadəyə məxsus hərbi biletin 13-cü və 24-cü səhifələrində rus dilində “Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib” qeydlərini aparıb, hərbi biletdə hərbi hissə komandirinin adını şərti olaraq özündən uydurmaqla “Kurkin” yazıb, onun adının qarşısındakı imzanı özü çəkib, saxta möhür isə onun xahişi ilə N saylı hərbi hissədə xidmət etmiş tanışı tərəfindən vurulub.
Möhür saxtalaşdırılarkən hərbi hissənin nömrəsi olan hissəyə kağız parçası qoyaraq sonradan möhürün həmin hissəsinə özündə olan mətbəə şriftləri ilə 33703 rəqəmlərini vurub, bununla da guya Zeynalabdin Bağırzadənin 33703 saylı hərbi hissədə toplantıda olduğunu göstərib.
İstintaq tərəfindən Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi hissələrin siyahısı müəyyənləşdirilib, lakin 33703 saylı hərbi hissənin orada olmadığı məlum olub. İstintaqla müəyyən edilib ki, Bağırzadə Zeynalabdin Bağır oğlu saxta sənədlərdən istifadə etməklə 1993-cü ildən etibarən 18 min 679 manat təqaüd və müavinət alıb, yaxın qohumlarından 4 nəfərinə də həmin vasitə ilə saxta “Çernobıl əlili” vəsiqəsi düzəldib.




Bu yazı ( 70 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar