12px14px16px18px

Türkiyə Böyük Millət Məclisində Xocalı sərgisi açılıb

“BU QƏTLİAMIN ARXASINDA KİMLƏRİN OLDUĞUNU BİLİRİK”

01:07 / 01.03.2012
Türkiyə Böyük Millət Məclisinin (TBMM) mərasim salonunda türkiyəli rəssam Funda Tuncelin Xocalı faciəsinə həsr etdiyi yağlı boya sərgisi açılıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, sərginin açılışında Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, xarici işlər naziri Əhməd Davudoğlu, TBMM-də təmsil edilən siyasi partiyaların millət vəkilləri, Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva iştirak ediblər.
Türkiyə mediasının yaxından maraq göstərdiyi sərginin açılışında çıxış edən Cəmil Çiçək Xocalı qətliamının 20-ci ildönümü münasibətilə Türkiyənin müxtəlif guşələrində tədbirlər keçirildiyini xatırladıb: “Məclisimizdə həm keçən həftə, həm də bu gün müxtəlif partiyalardan olan millət vəkillərimiz çıxış edərək Xocalı qətliamı ilə bağlı öz fikirlərini söyləyiblər, azərbaycanlı qardaşlarımızla bölüşdüyümüz acını bütün dünyaya çatdırıblar. Türkiyədə və Azərbaycanda yaşayan insanlar eyni kökdən gələn millətin nümayəndələridir. Bu acıları xatırlamağımızın səbəbi kin və intiqam üçün deyil, birlik və bərabərliyimizi gücləndirərək gələcəyə olan ümidimizi təzələmək üçündür. Çünki keçmişdən dərs almasaq, gələcəyi sağlam şəkildə inşa edə bilmərik. 26 fevral sadəcə Xocalı qətliamının ildönümü deyil, eyni zamanda yurd-yuvasından didərgin düşmüş 1 milyon qaçqının durumunun bir daha xatırlanmasıdır. Bu il mliyonlarla soydaşımızı öz vətənlərindən didərgin salan Balkan müharibəsinin də 100-cü ilidir. Biz onu da xatırlamalıyıq.
Başqaları olmayan şeyləri xatırlayır və dünyaya xatırlatmağa çalışır. Biz olan şeyləri xatırlamalayıq ki, gələcəkdə yeni faciələrə məruz qalmayaq. Tariximizdə yaşanmış böyük acılar var, Xocalı qətliamı bunlardan ən acı verənidir. Biz bundan sonra bu faciələrimizi daim gündəmdə saxlamalıyıq. Hər il 10 dekabr bütün dünyada İnsan Haqları Günü kimi qeyd edilir. TV-lərimiz dünyada insan haqlarının tapdanması ilə bağlı proqramlar verir, ancaq Xocalı faciəsi barədə iki kəlmə demirlər. Əgər birlikdə ciddi cəhd göstərməsəydik, Xocalı qətliamını çox az insan xatırlayacaqdı. Əslində biz bu qətliamın arxasında kimlərin olduğunu bilirik. İnternet saytlarına baxsanız, bu gün bəzi idarəçilərin əllərinin nə qədər qanlı olduğunu görə bilərsiniz”.
TBMM sədri Cəmil Çiçək daha sonra ermənilərin Xocalıda törətdikləri soyqırımı necə etiraf etdiklərinə dair kitab və məqalələrdən faktlar oxuyub. TBMM sədri Xocalı soyqırımını gözləri ilə görən əcnəbi jurnalistlərin yazılarından da sitatlar verib. C. Çiçək sözlərini bu şəkildə bitirib: “Türkiyə bölgədə sülhün bərqərar olması üçün əlindən gələn hər şeyi edir. Təəssüf ki, bəzi ölkələrin siyasəti başqalarının faciəsi, göz yaşı, acıları üzərində qurulub. Ona görə də Türkiyə ilə Azərbaycanın bundan sonra sarsılmaz bir həmrəylik içində olmasında fayda var. Dostluq və qardaşlığımızı gündəlik siyasətlərə alət etməməliyik. Azərbaycanın qurulduğu gündən bəri başda Məhəmməd Əmin Rəsulzadə və Xocalı şəhidlərimiz olmaqla burdakı və Azərbaycandakı bütün şəhidlərimizi hörmətlə anır, qazilərimizə sayğılarımı göndərirəm”.
Mərasimin sonunda C. Çiçək rəssam Funda Tuncelə Xocalı sərgisinə görə TBMM-nin təşəkkür plaketini təqdim edib.




Bu yazı ( 200 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar