12px14px16px18px

“2011-ci ildə 72 min 400-ü daimi olmaqla, 94 min yeni iş yeri və 5 mindən çox müəssisə açılıb”

01:01 / 01.03.2012
Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının dinamik inkişafında müstəsna rol oynayıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev “Baku Expo” Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransındakı çıxışında deyib. O bildirib ki, 2011-ci ildə 72 min 400-ü daimi olmaqla, 94 min yeni iş yeri və 5 mindən çox müəssisə açılıb. Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 14,7 min müəssisə fəaliyyətə başlayıb və 241 min yeni iş yeri yaradılıb ki, bunun 180 mini daimidir. Yoxsulluğun səviyyəsi 7,6 faizə enib.
Ötən il regionların sosial-iqtisadi inkişafının infrastruktur təminatının gücləndirilməsi mühüm istiqamət kimi diqqət mərkəzində saxlanılıb, ötən il regionların inkişafı üçün əsas kapitala 6 milyard manatdan çox vəsait yönəldilib.
Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə 2011-ci ildə 310 transformator və 25 yarımstansiya quraşdırılıb istifadəyə verilib.
Hazırda ölkədə elektrik enerjisinin 70 faizindən çoxu regionlarda istehsal edilir ki, bu da enerji təhlükəsizliyinin təmin edilməsində bölgələrin vacib rol oynadığını göstərir.
Elektrik ötürücü xətlərin çəkilişi və yenilənməsi işi prioritet istiqamət kimi müəyyən edilib, ötən il 3 min 700 kilometrədək xətt çəkilib, bu sahədə müvafiq tədbirlər davam etdirilir.
Ölkədə alternativ enerjinin əldə edilməsi istiqamətində görülən işlər çərçivəsində Qobustan rayonunun ərazisində 5 meqavat gücündə hibrid tipli eksperimental poliqonu və tədris mərkəzi istifadəyə verilib, külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib.
Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilib, 5 min kilometrdən çox qaz kəməri çəkilərək əlavə 148 yaşayış məntəqəsi qazlaşdırılıb, 1537 kilometr qaz kəməri əsaslı təmir edilib.
Proqram çərçivəsində 690 kilometrədək respublika və yerli əhəmiyyətli avtomobil yolları, o cümlədən 220 kilometr kənd yolları tikilmiş və təmir olunub, 25 yeni körpü və tunel inşa edilib. Bundan başqa, Qaxda və Qubada avtovağzal kompleksləri, Qəbələdə müasir beynəlxalq hava limanı istifadəyə verilib.
Ötən il informasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə 60 ATS və 31 poçt şöbəsi istifadəyə verilib, kənd yerlərində poçt şöbələrinin sayı 1200-ə çatdırılıb. Ölkədə hər 100 nəfərə düşən kompyuterlərin sayı 2009-cu ildəki 12 ədəddən 20 ədədə çatmış, hər 100 nəfərdən 65-i isə internet istifadəçisi olub. Ölkənin bütün yaşayış məntəqələrinin telefonlaşdırılması başa çatdırılıb, rəqəmsal yayım şəbəkəsinin təşkili ilə bağlı rayonlarda 9 verici stansiya quraşdırılıb.
Dövlət Proqramında əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulmuş işlər 2011-ci ildə də davam etdirilmiş, ölkənin 36 şəhər və rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb.
Nazir bildirib ki, ölkə iqtisadiyyatının prioritet sahələrindən olan aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi, dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün anbar infrastrukturunın yaradılması regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırıb, bir sıra əsas ərzaq məhsulları üzrə tələbatın yerli istehsal hesabına təmin olunmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə, qeyri-neft ixracının artırılmasına imkan verib.
Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 54 səhiyyə obyekti, o cümlədən yeni müalicə və diaqnostika mərkəzləri, xəstəxanalar, ambulatoriya-poliklinika müəssisələri tikilmiş və ya əsaslı təmir olunub.
Ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması və aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlər Dövlət Proqramına uyğun olaraq ardıcıllıqla davam etdirilib. Əlil və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 6 rayon və şəhərin hər birində 36 mənzilli yaşayış binası tikilib, 33 şəhid ailəsi yeni mənzillə təmin olunub.
Məcburi köçkünlərin yaşayış səviyyəsinin və mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə ötən il Ağcabədi rayonu ərazisində 560 məcburi köçkün ailəsi üçün 10 yaşayış binasının və Taxtakörpü ərazisində 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, Goranboy rayonu ərazisində 525 ailəlik 9 yaşayış binasının tikintisi başa çatdırılıb.
Ölkənin müxtəlif regionlarında, o cümlədən Qəbələ, Balakən, Qax, Şəki, Qusar, Naftalan, Qobustan, Füzuli, Lənkəran və Lerikdə yeni turizm və mədəniyyət obyektlərinin açılışı olub.




Bu yazı ( 118 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar