12px14px16px18px

“Azərbaycana hərbi sahədə istənilən dəstəyi göstərməyə hazırıq”

PAKİSTAN SENATININ SƏDR MÜAVİNİ: “PAKİSTAN FƏLƏSTİN MƏSƏLƏSİNƏ GÖRƏ İSRAİLİ,QARABAĞ MÜNAQİŞƏSİNƏ GÖRƏ ERMƏNİSTANI TANIMIR, ŞİMALİ KİPR MƏSƏLƏSİNDƏ TÜRKİYƏNİN MÖVQEYİNİ MÜDAFİƏ EDİR”

00:58 / 01.03.2012
“Ermənistanın Pakistan üzərində heç bir təsiri yoxdur. Çünki biz Ermənistanı bir dövlət olaraq tanımırıq”. Bu fikirləri Bakıda keçirdiyi mətbuat konfransında Pakistan Senatının sədr müavini Mir Can Məhəmməd Xan Cəmali bildirib.
Pakistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini müdafiə etdiklərini deyən Cəmali bildirib ki, ölkəsi İKT, İSESCO, BMT çərçivəsində Azərbaycanı dəstəkləyir və dəstəkləməkdə davam edəcək: “Zaman keçdikcə biz bu mövqeyimizi daha da möhkəmləndirəcəyik. Pakistan Fələstin məsələsinə görə İsraili, Qarabağ münaqişəsinə görə Ermənistanı tanımır, Şimali Kipr məsələsində Türkiyənin mövqeyini müdafiə edir”.
Senat rəsmisi artıq yaranmış şəraitdə müsəlman ölkələrinin hərbi blokunun yaradılması məsələsinə baxılmaq zamanının yetişdiyini, bunun üçün potensialın mövcud olduğun vurğulayıb: “Qərb dünyası proseslərə ikili standartlarla yanaşır. Xristian dünyasında bir proses baş verəndə dərhal müdaxilə etməyə çalışırlar. Lakin müsəlman dünyasında – Qarabağ, Bosniya və s. yerlərdə baş verənlərə müdaxilə etmirlər. Bununla bağlı BMT-nin qətnamələrini yerinə yetirməyə çalışmırlar”.
O qeyd edib ki, Pakistan Azərbaycana hərbi sahədə istənilən dəstəyi göstərməyə hazırdır.
Cəmalinin sözlərinə görə, hazırda Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Bakıdadır: “Pakistan bu gün nüvə dövlətidir. Öz silahlarımızı, tanklarımızı istehsal edir, döyüş gəmilərimizi modernləşdiririk. Azərbaycanlı qardaşlarımıza çatdırmaq istəyirik ki, Türkiyə ilə bir yerdə hər zaman Azərbaycanı dəstəkləməyə hazırıq. Biz 3 dövlətdən biriyik ki, Ermənistanı bir dövlət kimi tanımırıq”.
Cəmali Pakistanın Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarının mövcud olduğunu vurğulayıb.
Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri Səlim Seyfulla Xan isə bildirib ki, rəsmi İslamabad Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olub: “Eyni zamanda Ermənistanı rəsmən dövlət kimi tanımayan 3 ölkədən biridir. Həm Pakistan, həm Azərbaycan təcavüzə məruz qalıb”. Komitə sədri qeyd edib ki, bu gün Pakistanın Kəşmir, Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var: “Kəşmir əhalisinin azadlığa qovuşması hüququ ilə bağlı BMT tərəfindən qətnamə qəbul edilib. Biz bu məsələ uğrunda mübarizə aparırıq. Hindistanla bununla bağlı 4 dəfə müharibə aparmışıq. Düşünürük ki, bir daha müharibə aparmağa lüzum yoxdur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qətnamələri mövcuddur. Pakistan bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Dünən bir xəbər aldıq ki, Fransa Konstitusiya Məhkəməsi Azərbaycan və Türkiyənin mənafeyini müdafiə edən qərar qəbul edib”.
Səlim Seyfulla Xan qeyd edib ki, məhz Senat sədrinin müavini Mir Can Məhəmməd Xan Cəmalinin səyləri nəticəsində Senatın xarici əlaqələr komitəsində Xocalı soyqırımı barədə qətnamə qəbul edilib: “Pakistan Senatında 12 siyasi partiya təmsil olunur və bu qətnamə yekdilliklə qəbul edilib. Bizim parlament sistemində hansısa komitədə yekdilliklə qəbul edilmiş qətnamə Senatın ümumi qətnaməsi kimi qəbul edilir”.
Komitə sədrinin sözlərinə görə, ölkələr arasında siyasi əlaqələr yüksək səviyyədədir: “İqtisadi cəhətdən ölkələr bir-birlərinə o qədər də yaxın deyillər. Biz görüşlərdə bu məsələləri müzakirə edirik. İqtisadi, mədəni, KİV sahəsində əlaqələrin inkişaf etdirilməsi mümkündür. Cənab prezident bu sahədə görüşlərin keçirilməsinə tapşırıq verib”.




Bu yazı ( 118 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar