12px14px16px18px

Taksimdəki Xocalı yürüşünə heç kimsə qara yaxa bilməz

00:53 / 01.03.2012
Xocalı soyqırımı Azərbaycan tarixinə qara hərflərlə yazılmış səhifədir. İyirmi il bundan əvvəl 26 fevral 1992-ci ildə erməni silahlı dəstələri Xankəndində yerləşən sovet ordusunun köməyi ilə Dağlıq Qarabağda bütöv bir şəhəri xəritədən sildilər. Bir gecədə 613 nəfər – qadın, uşaq, qoca amansızlıqla qətlə yetirildi, öldürülmüş cəsədlər təhqir olundu, əsirlərə insanlığa yaraşmayan işgəncələr verildi. Erməni vandalizmi XX əsr bəşəriyyət tarixinə qanlı ləkə saldı. Hətta zaman-zaman ermənilər bu qətliamdan fəxrlə danışdılar. Ermənilərin ideoloqu Zori Balayan Xocalıda balaca uşaqları çarmıxa çəkməsini öz kitabında göstərir, hazırkı prezidentləri Serj Sarkisyan da Xocalıda baş verən qətliamda iştirakını gizlətmir.
Azərbaycan o zamandan bəri bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışır. Artıq İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qiymətləndirmişdir. Pakistan və Meksika parlamentləri tərəfindən bu qətliamın soyqırım aktı kimi tanınması barədə qətnamələr, Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsində bəyanat qəbul olunub.
Bu il Bakı ilə bərabər dünyanın əksər ölkələrində Xocalı soyqırımını tanıtmaq üçün böyük tədbirlər keçirilmişdir. Bu tədbirlərdən ən böyüyü isə qardaş Türkiyədə, İstanbulun Taksim meydanında “Hepimiz Hocalılıyız” şüarı ilə keçirildi. On minlərlə insan Türk dünyasının ortaq kədəri olan Xocalı faciəsini unutmadığını göstərmək üçün bir yerə yığışmışdı. Taksimdəki tədbir göstərdi ki, Xocalı bütün türk ulusunun dərdidir. Türkiyə və Azərbaycan hər zaman yan-yana, çiyin-çiyinədir. Sevincimiz də, kədərimiz də ortaqdır. Qardaş Türkiyə öz qardaş təəssübkeşliyini göstərdi. Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin – “Azərbaycanın ağrısı, bizim ağrımız, Azərbaycanda axıdılan qan bizim qanımızdır” – sözləri də buna sübutdur.
Ancaq Türkiyə mətbuatının müxtəlif qəzetlərində bu gün çap olunan bir sıra köşə yazıları Türkiyə-Azərbaycan birliyinin kimlərisə narahat etdiyini göstərdi. “Radikal” qəzetinin öndərliyi ilə Cengiz Çandar, Ahmet İnsel, “Taraf” qəzetində Murat Belge, “Milliyet”də Hasan Cemal və başqaları bu tədbiri millətçi, irqçi və hətta şovinist addım kimi qiymətləndirdilər. Cengiz Çandar öz köşə yazısında daha da irəli getmişdir. O yazısında Anadoludakı erməni üsyanının nəticələrini soyqırım adlandırır, Dağlıq Qarabağdakı hadisələri isə qanlı çatışmalar kimi qiymətləndirir. Sumqayıtdakı hadisəri etnik təmizləmə adlandırdığı halda, Xocalı faciəsinin hərbi strategiyanın qurbanı olduğunu düşünür və ya bu cür təqdim etməyə çalışır. O, 2001-ci ildə Dağlıq Qarabağda olarkən bu şəhərin onda oyatdığı təəssüratları belə göstərməyə çalışır: “Hocalı katliamının askeri anlamını, Hocalıyı ve çevresini görünce anlamamak mümkün deyildi”. Xocalıdakı dəhşətləri, Azərbaycan türkünün başına gətirilənləri görmək istəməyən bu adam “Hepimiz ermeniyiz” deyə hayqıranlardandır, 100 il bundan əvvəl türk dövlətinə xəyanət etmişlərə haqq qazandıran, cəmi 20 il əvvəl isə öz gözləri qarşısında baş vermiş bir faciəni çirkin məqsədləri üçün təhrif edəndir.
Görünən odur ki, bu adamları kimsə danışdırır və yazdırır. Onlar kimlərinsə əlində alətdirlər. Hansı məqsədlərə xidmət etdikləri isə həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətinə məlumdur. Lakin Cengiz Çandar və onun kimilər “Hepimiz ermeniyiz” deyenler, Hrant Drink sevdalıları bilməlidirlər ki, onlar istədiklərinə nail ola bilməzlər. Azərbaycan xalqı Taksim meydanını dolduran “Hepimiz Türküz” deyən on minlərlə insana minnətdardır. Türkiyə və Azərbaycan Ulu Öndər Heydər Əliyevin dediyi kimi “İki dövlət tək millətdir”. Azərbaycan – Türkiyə qardaşlığı və dostluğu əbədi, əzəli və sarsılmazdır.
Ərəstü HƏBİBBƏYLİ




Bu yazı ( 136 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar