12px14px16px18px

Qəbələ RLS-ə görə 300 milyon dollar

QƏBƏLƏ RADİOLOKASİYA STANSİYASININ İCARƏSİNƏ DAİR AZƏRBAYCANLA RUSİYA ARASINDA DANIŞIQLARDA PROBLEM YARANDI

00:46 / 01.03.2012
Qəbələ radiolokasiya stansiyasının icarəsinə dair Azərbaycanla Rusiya arasında danışıqlarda problem yaranıb. APA-nın “Kommersant”a istinadən yaydığı məlumata görə, rəsmi Bakı stansiyanın illik icarə haqqını 40 dəfədən çox artırmaq niyyətindədir. Nəşr yazır ki, illik 7 milyon əvəzinə 300 milyon tələb edən rəsmi Bakı güzəştə getmək niyyətində deyil.
Rusiya Müdafiə Nazirliyindəki mənbə qəzetə bildirib ki, bu rəqəm onları qane etmir, buna görə də rəsmi Moskva qiyməti kifayət qədər aşağı salmağa çalışır: “Azərbaycan inadından əl çəkməsə, Müdafiə Nazirliyi radiolokasiya stansiyasını tərk etmək təhlükəsi ilə üz-üzədir. Bu rəqəm heç nə ilə əsaslandırılmır və kifayət qədər yüksəkdir, biz qiyməti aşağı salmağa çalışırıq”.
Qeyd edək ki, bu il Qəbələ RLS-in icarəsinə dair Rusiya ilə Azərbaycan arasında imzalanmış 10 illik sazişin müddəti başa çatır. Moskva müqavilənin müddətini 25 il artırmaq istəyir, bununla bağlı Bakıda aparılan danışıqlarda razılaşma əldə olunub. “Kommersant” Azərbaycan tərəfinin illik icarə haqqını əvvəlcə 7 milyondan 15 milyona, sonra 150 milyona, indi isə 300 milyona qaldırdığını bildirir. Bununla da danışıqlar dalana dirənib. Rusiya Xarici İşlər Nazirliyindəki mənbə qəzetə bildirib ki, Bakının güzəştə getməməsinin səbəbi Xəzərin hüquqi statusuna dair danışıqlarda tutduğu mövqeyə görə Moskvadan heyf çıxmaq istəməsidir.
Yaxın günlərdə isə Qəbələ radiolokasiya stansiyasının (RLS) icarəsi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqların daha bir raundu keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov məlumat verib. “Qəbələ RLS-lə bağlı danışıqlar davam edir. Danışıqların ilk raundu çox konstruktiv keçib. Yaxın vaxtlarda danışıqların nə vaxt davam etdiriləcəyini azərbaycanlı həmkarlarımızla dəqiqləşdirəcəyik”.
Anatoli Antonov danışıqların növbəti raundunun Bakıda keçiriləcəyini vurğulayıb.





Bu yazı ( 117 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar