12px14px16px18px

Ərdoğan: “Xocalını unutmayacaq və unutdurmayacağıq”

“QƏTLƏ YETİRİLƏN QARDAŞ-BACILARIMIZIN YASINI TUTMAĞA DAVAM EDƏCƏYİK”

11:26 / 29.02.2012
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun dünən keçirilən toplantısının əvvəlində Xocalı faciəsinin ildönümünə toxunub. APA-nın xəbərinə görə, R. T. Ərdoğan 20 il əvvəl ermənilərin hücumu nəticəsində Xocalıda 63-ü uşaq, 106-sı qadın olmaqla 613 məsum insanın qətlə yetirildiyini bildirib:
“Xocalıda qətlə yetirilən qardaşlarımızı bir daha rəhmətlə anıram. Azərbaycana və bütün azəri qardaşlarımıza onlarla həmrəy olduğumuzu çatdırırıq. Xocalı hadisəsi ötən bazar günü İstanbulda və bir çox şəhərimizdə anıldı və lənətləndi. Taksimdəki aksiyada bəzi marginal qrupların qaldırdığı plakatlar və səsləndirdiyi şüarlar bu həmrəyliyimizi kölgələməyə yetməz. Biz nifrətin və qəzəbin artırılmasını deyil, hər zaman olduğu kimi haqqı, hüququ və barışı müdafiə edəcəyik. Xocalını unutmayacaq və unutdurmayacağıq. Qətlə yetirilən qardaş-bacılarımızın yasını tutmağa davam edəcəyik”.
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı da partiyasının parlament qrupunun dünən keçirilən toplantısında Xocalı faciəsinin ildönümünə toxunub. D.Bağçalı “ermənilər tərəfindən qətlə yetirilən qardaş-bacılarımıza Allahdan rəhmət diləyirəm”, deyərək sözünə başlayıb: “Erməni ölüm maşını heç vaxt dayanmayıb. Xocalı türk millətinin vicdanı və bitməyən fəryadıdır. Xocalı qürurumuz, heysiyyətimiz, ürək döyüntümüzdür. Xocalıda qan tökən şəxs bu gün Ermənistan dövlətinin başındadır. AKP hökumətinin qucaq açdığı bu şəxs vaxtilə Xocalıda vəhşilik törədən quldurlara başçılıq edib”.
D. Bağçalı Fransa hökuməti tərəfindən buraxılan səhvin Konstitusiya Şurasında düzəldiləcəyinə ümid etdiyini də söyləyib.



Bu yazı ( 103 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar