12px14px16px18px

Bakıda Xocalı yürüşü oldu

FEVRALIN 26-da BAKIDA XOCALI SOYQIRIMININ 20-ci İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ÜMUMXALQ YÜRÜŞÜ KEÇİRİLİB,PREZİDENT İLHAM ƏLİYEV YÜRÜŞDƏ İŞTİRAK EDİB

08:07 / 28.02.2012
AzərTAc-ın məlumatına görə, paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış Xocalı abidəsinə yürüşə 60 mindən çox insan qatılıb. Yürüşün keçdiyi prospekt və küçələr boyu əllərində qanlı qırğının qurbanlarının portretləri, dəhşətli səhnələri əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarını cəzalandırmaq çağırışları, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət vermək barədə çağırışlar yazılmış transparantlar, “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, ”Xocalını unutmayın”, “Rədd olsun erməni faşizmi!” yazılmış plakatlar tutan gənclər düzülüb
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub. Mərasimdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları da iştirak ediblər.
Xocalı soyqırımını anım mərasiminə müxalif İctimai Palataya daxil olan siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri, fəallar da qatılıblar. Aksiya iştirakçıları “Qarabağ” şüarı səsləndiriblər. Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də ziyarətçilər arasında olublar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın Xocalı şəhərində ermənilərin törətdiyi soyqırımının qanlı statistikası belədir: hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülmüş və insanı alçaldan işgəncələrə məruz qalıb, 150 nəfərin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilib.









Bu yazı ( 114 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar