12px14px16px18px

Maliyyə Nazirliyinin yeni inzibati binaları istifadəyə verilib

SAMİR ŞƏRİFOV: “ÖLKƏ MİQYASINDA HƏYATA KEÇİRİLƏN TİKİNTİ-QURUCULUQ İŞLƏRİ BÜTÜN SAHƏLƏRİ ƏHATƏ EDİR"

12:18 / 12.05.2012
Maliyyə Nazirliyinin Abşeron Rayonu üzrə Maliyyə İdarəsinin yeni inzibati binası istifadəyə verilib. Nazirlikdən verilən məlumata görə, mərasimdə iştirak edən maliyyə naziri Samir Şərifov və Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əvvəlcə Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Açılış lenti kəsildikdən sonra mərasim iştirakçıları inzibati bina və burada yaradılan iş şəraiti ilə tanış olublar. Müasir standartlara uyğun inşa edilən inzibati binada normal iş fəaliyyəti üçün şərait yaradıldığı vurğulanıb.
Nazir S.Şərifov ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünün qeyd olunduğu əlamətdar günlərdə kollektivi yeni inzibati binanın açılışı münasibətilə təbrik edib. O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan inkişaf edir və qüdrətlənir. Ölkə miqyasında həyata keçirilən tikinti-quruculuq işlərinin bütün sahələri əhatə etdiyini vurğulayan S.Şərifov qeyd edib ki, son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraiti xeyli yaxşılaşdırılıb və nazirliyin tabeliyində olan qurumlar müstəqil inzibati binalarla təmin olunub. Nazir həmçinin yeni inzibati binanın istifadəyə verilməsi ilə idarə əməkdaşlarının qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəyinə əminliyini ifadə edib.
S.Şərifovun eyni zamanda Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 2 saylı Xəzinədarlıq İdarəsinin də yeni inzibati binasının açılışında iştirak edib. Burada da müasir standartlara uyğun inşa edilən inzibati binada normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb ki, bu da büdcə təşkilatlarına göstərilən xəzinə xidmətinin keyfiyyətini və çevikliyini daha da artırır. Qeyd olunub ki, 2 saylı Xəzinədarlıq İdarəsi hazırda 90-na yaxın büdcə təşkilatına xidmət göstərir.
Tədbirdə çıxış edən S.Şərifov bildirib ki, son illər respublikamızda informasiya texnologiyaları sahəsində aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində xəzinədarlıq vasitəsilə büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi və şəffaflığın artırılmasına nail olunub: “Eyni zamanda, dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması, büdcə daxilolmalarının daha səmərəli istifadə olunmasının təmin edilməsi, bu sahədə nəzarətin gücləndirilməsi, məlumatların daha operativ emal edilməsi məqsədiylə Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin yaradılması layihəsi uğurla həyata keçirilməkdədir. Dövlət büdcəsinin vəsaitlərinin daha səmərəli istifadə edilməsi üçün Bakı şəhəri üzrə Xəzinədarlıq İdarələrinin, həmçinin Gəncə şəhəri, Xaçmaz və Abşeron rayonları üzrə maliyyə idarələrinin sistemə qoşulması və xəzinə əməliyyatlarının Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin çərçivəsində aparılması tam şəkildə başa çatdırılıb".




Bu yazı ( 131 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar