12px14px16px18px

Böyük Vətən müharibəsi əlillərinə minik avtomobilləri verilib

01:15 / 11.05.2012
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Böyük Vətən müharibəsi əlilləri ilə görüş keçirilib. Nazirlikdən verilən məlumata görə, görüş iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin nazirliyin foyesindəki büstü qarşısına gül-çiçək dəstələri düzüblər. Görüşü giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov tədbirin ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsində keçirildiyini qeyd edərək bildirib ki, ölkəmizdə müharibə veteranlarına diqqət və qayğının əsası hələ ötən əsrin 70-ci illərində Heydər Əliyev tərəfindən qoyulub. Onun sözlərinə görə, müstəqilliyimizin ilk illərində isə müharibə veteranları diqqətdən kənarda qalmış, hətta 9 May-Qələbə gününün qeyd olunması unudulmuşdu: “Ulu öndərimizin 1993-cü ildə Azərbaycanda yenidən rəhbərliyə qayıdışından sonra Qələbə günü dövlət bayramları sırasına daxil edilib, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi işlərinə başlanılıb. Nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu diqqət və qayğı yüksələn xətlə davam etdirilir. O, bunun daha bir ifadəsi kimi, dövlət başçısının “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” Sərəncamına əsasən, həmin kateqoriyalardan olan vətəndaşlara birdəfəlik maddi yardımlar verildiyini diqqətə çatdırıb: “Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 1-dək 695 nəfər Böyük Vətən müharibəsi əlili və iştirakçısı minik avtomobili, 45 nəfər isə mənzillə təmin edilib. Bununla yanaşı, Böyük Vətən müharibəsi əlilləri Azərbaycan Respublikası Prezidentinin təqaüdü, dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort putyovkaları ilə təmin edilirlər”. Tədbirdə qeyd olunub ki, Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq nümunələri göstərib, az bir müddət ərzində respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. Azərbaycanın 700 minə yaxın igid oğlu və qızı cəbhəyə yollanıb və Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçiblər. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsinə, 170 min nəfəri SSRİ-nin müxtəlif orden və medallarına layiq görülüb. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları verib. O zaman bütün sovet neftinin 75 faizi Azərbaycanda istehsal olunub. Bu, tarixi bir həqiqətdir ki, Bakı nefti alman faşizmi üzərində qələbənin əsas amillərindən biri olub. Görüşün sonunda Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına 20 ədəd “Liffan” markalı minik avtomobilinin açar və sənədləri təqdim olunub. BƏXTİYAR


Bu yazı ( 91 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar