12px14px16px18px

Əmlak məsələlərində elektron xidmətlərin tətbiqi ilə bağlı ictimai təqimat keçirilib

KƏRƏM HƏSƏNOV: “ÖTƏN İL AZƏRBAYCANDA 147 MİNDƏN ARTIQ ƏMLAK QEYDİYYATA ALINIB”

00:55 / 04.05.2012
Dünən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən “Əmlak idarəçiliyi və qeydiyyatında elektron xidmətlər: şəffaflıq və səmərəliliyin təminatı” mövzusunda ictimai təqdimat keçirilib. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası sayəsində güclü dövlət quruculuğu və dayanıqlı iqtisadiyyatın yaradılması istiqamətlərində böyük irəliləyişlərə nail olunub. Onun sözlərinə görə, informasiya kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən qərarlar əsasında dövlət orqanlarının əhaliyə və biznes qurumlarına beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi təmin edilir: “Ölkə başçısının “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanın icrası istiqamətində komitə tərəfindən müvafiq işlər həyata keçirilib. Komitənin rəsmi internet səhifəsində daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın vahid dövlət kadastrı ilə bağlı xidmətlər, dövlət əmlakı üzrə icarə haqlarının ödənişi, dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabatların qəbulu, vətəndaşların elektron müraciətini əhatə edən elektron xidmət bölməsi yaradılıb. Bu bölmədə elektron xidmətlərin göstərilməsi qaydaları, əmlak qeydiyyatı və hərraclarda iştirak üçün müraciət (ərizə) formaları, tələb olunan sənədlərin siyahısı, dövlət rüsumu xidmət haqları, bir sözlə elektron xidmətlərdən istifadə etmək üçün tələb olunan bütün məlumatlar yerləşdirilib. Həmçinin komitənin internet saytı vasitəsilə xidmətlərə görə elektron ödənişlərin həyata keçirilməsinə də imkanlar təmin edilib. Vətəndaşlar, hüquqi şəxslər və biznes qurumları daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması üçün elektron qaydada müraciət edə bilər. Eyni zamanda müsadirə edilmiş əmlakın satışı ilə bağlı da keçirilən hərraclarda iştirak etmək üçün elektron qaydada müraciət etmək imkanları yaradılıb”. K.Həsənovun sözlərinə görə elektron xidmətlər son bir neçə ildə komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi və qeydiyyat sisteminin inkişafı ilə bağlı görülmüş tədbirlər əsasında mümkün olub. O, vurğulayıb ki, müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakının Milli Qeydiyyat Sisteminin imkanları genişləndirilib: “Ölkə üzrə bütün ərazi qeydiyyat idarələri əhatə edən vahid korporativ şəbəkə və mərkəzləşdirilmiş məlumat bazası yaradılıb. Bunlarla yanaşı, daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən biri qeydiyyat məlumatlarının elektron arxivin və məlumat bazasının yaradılması istiqamətində işlər aparılır. Səmərəli, şəffaf və çevik fəaliyyət üçün uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları hazırda elektron bazaya köçürülür. Ardıcıl görülmüş tədbirlər nəticəsində daşınmaz əmlakın qeydiyyatı əvvəlki illərlə müqayisədə 1,5 dəfə artıb. Belə ki, yalnız ötən il ölkədə 147 mindən artıq əmlak qeydiyyata alınıb. Hazırda komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi və qeydiyyatı sahəsində əhaliyə, fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bütün daşınmaz əmlaklar barədə müasir geoinformasiya texnologiyaları əsasında mərkəzləşdirilmiş və vahid kadastr məlmat bazasının daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin yaradılması üzrə işlər sürətləndirilib. Bu ilin sonuna Sumqayıt şəhəri üzrə daşınmaz əmlakın elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işi yekunlaşacaq. Bakı şəhəri üzrə daşınmaz əmlaklara dair elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işlərinin başlanmasına hazırlıq gedir. Yaxın 2-3 ildə Bakı şəhəri üzrə bu işlərin yekunlaşdırılması planlaşdırılır. Gəncə şəhəri və Şəki rayonunda daşınmaz əmlakın kadastr işləri Almaniyanın KfW Bankının layihəsi çərçivəsində həyata keçirilir. Yaxın bir neçə ildə Azərbaycanın daxili imkanları və beynəlxalq layihələri üzrə maliyyə mənbələri hesabına ölkəmizdə ərazilərin daşınmaz əmlak rəqəmsal xəritələrin yaradılması təmin ediləcək. Eyni zamanda Norveç hökumətinin dəstəyi və daxili imkanlar hesabına ölkəmizdə müasir yanaşmalar əsasında Ünvan Reyestri də qurulur. Bu sahədə qabaqcıl Avropa ölkələrinin təcrübəsi və beynəlxalq standartlar öyrənilib. Hazırda Cənubi Koreyanın nüfuzlu şirkəti tərəfindən Azərbaycanda elektron ünvan reyestrinin yaradılması layihəsi həyata keçirilir”. Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Jozef Ouen Azərbaycanın son illər ərzində dinamik inkişaf etdiyini bildirib. O, qeyd edib ki, ölkə iqtisadiyyatının bir çox sahələri, o cümlədən İKT sahəsi sürətlə inkişaf edir: “Dünya Bankı tərəfindən Azərbaycan hökumətinə “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” ölkədə “Elektron hökumət”in tam formalaşmasına yardım göstərəcək. Biz bu sahədə Azərbaycana hər zaman dəstək verir və bu istiqamətdə işlərimizi genişləndirməyə hazırıq”. S.Ouen əlavə edib ki, Azərbaycanda tətbiq olunan daşınmaz əmlakın elektron qeydiyyatı ölkədə şəffaflığı təmin edəcək və korrupsiyanın qarşısını alacaq: “Biz bu sahəyə vətəndaşları cəlb etməliyik və onları daha çox məlumatlandırmalıyıq”. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkənin İKT sahəsində əldə olunmuş nailiyyətlərindən danışıb və bildirib ki, “Elektron hökumət” layihəsi çərçivəsində Azərbaycanda artıq “elektron imza” tətbiq olunub, eyni zamanda dövlət qurumlarının göstərdiyi elektron xidmətlərə dair vahid portalı və dövlət qurumları arasında məlumat mübadiləsi (“elektron hökumət” şlüzü) istifadəyə verilib. Qeyd edək ki, tədbirdə, KfW, NETCAD, “Saybernet”, Koreyanın “SK C&C”, Sumqayıt Kadastr layihəsi üzrə podratçı şirkətinin, habelə ölkədə daşınmaz əmlak bazarında aktiv fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. BƏXTİYAR


Bu yazı ( 110 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar