12px14px16px18px

Bu il dövlət büdcəsinə 3487,7 milyon manat daxil olub

11:38 / 25.04.2012


2012-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3487,7 mln. manat, xərcləri 2843,2 mln. manat olub, 644,5 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Maliyyə Nazirliyindən verilən məlumata görə, ilin ilk 3 ayında dövlət büdcəsinin mədaxili 98,5 faiz icra olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 719,3 mln. manat və ya 26,0 faiz çoxdur.
Vergilər Nazirliyi mədaxil proqnozunu 112,6 faiz icra etməklə dövlət büdcəsinə 1390,4 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 156,1 mln. manat, 2011-ci ilin eyni dövrü ilə müqayisədə isə 229,5 mln. manat və ya 19,8 faiz çoxdur.
2012-ci ilin birinci rübündə Dövlət Gömrük Komitəsi proqnoza 100,3 faiz əməl edərək büdcəyə 251,7 mln. manat vəsait təmin edib.
Birinci rübündə sair gəlirlərdən nəzərdə tutulan 4,5 mln. manata qarşı büdcəyə 5,8 mln. manat və ya proqnoza nisbətən 28,9 faiz çox vəsait daxil olub.
Dövlət Neft Fondundan isə büdcəyə 1839,8 mln. manat vəsait transfert edilib.
Nazirliyin məlumatında xərclər bağlı qeyd edilib ki, bu ilin birinci rübündə dövlət büdcəsinin xərcləri 79 faiz icra edilib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 755,8 mln. manat və ya 36,2 faiz çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin 1-ci rübü ərzində dövlət büdcəsindən sosialyönümlü xərclərin maliyyələşdirilməsinə 41,4 faiz və ya 1178,3 mln. manat yönəldilib ki, bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 178,3 mln. manat və ya 17,8 faiz çoxdur.
2011-ci ilin eyni dövrü ilə müqayisədə 2012-ci ilin birinci rübündə dövlət büdcəsi xərclərindən funksional təsnifata uyğun olaraq sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 437,6 mln. manat və ya 80,1 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 152,2 mln. manat və ya 37,3 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 38,2 mln. manat və ya 29 faiz, ümumi dövlət xidmətləri xərclərinə 37,9 mln. manat və ya 22,9 faiz, iqtisadi fəaliyyətlə bağlı xərclərə 16,1 mln. manat və ya 58,3 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 10,4 mln. manat və ya 32,5 faiz, səhiyyə xərclərinə 9 mln. manat və ya 12,3 faiz, mənzil və kommunal təsərrüfatı xərclərinə 5,5 mln. manat və ya 19,4 faiz, nəqliyyat və rabitə xərclərinə 2,1 mln. manat və ya 19,6 faiz çox vəsait yönəldilib.
İlin ilk 3 ayı ərzində istifadə olunan 984 mln. manat dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial təyinatlı layihələr üzrə (təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı) obyektlərin tikintisinə və yenidənqurulmasına 138,6 mln. manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının və bu qəbildən olan digər obyektlərin tikintisinə, yenidənqurulmasına, müvafiq avadanlıqların alınmasına və digər sahələrə 845,4 mln. manat vəsait yönəldilib.
BƏXTİYAR



Bu yazı ( 64 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar