12px14px16px18px

RİTN “Eurovision-2012” ilə bağlı tədbirlər planını təsdiq edib

00:29 / 25.04.2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) əmri ilə “Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili ilə bağlı daxili Tədbirlər Planı” təsdiq edilib. Nazirlikdən verilən məlumata görə, Tədbirlər Planına əsasən, RİTN tərəfindən aidiyyəti dövlət qurumları, telekommunikasiya operatorları və İT şirkətləri ilə birgə görüləcək ilkin işlər, o cümlədən “Eurovision-2012” mahnı müsabiqəsinin biletlərinin internet vasitəsilə “online” satışının təşkili, nəqliyyat xidmətləri ilə əlaqədar telefon dəstək mərkəzinin yaradılması, turistlərin yerləşdirilməsinin təşkili, ictimai-iaşə, ticarət və xidmət obyektlərinin, proqramların, suvenir və xatirə əşyalarının müsabiqəyə hazırlanması, xarici qonaqların məlumatlandırılması və məlumat mərkəzlərinin yaradılması, müsabiqə keçiriləcək yerin texniki hazırlığı, respublika telekommunikasiya şəbəkəsinin hazırlığının yüksəldilməsi, mobil operatorlar tərəfindən görüləcək işlər, müsabiqənin yayımının təşkili müəyyənləşdirilib.
Həmçinin Tədbirlər Planının nazirliyə aid bəndlərinin icrası məqsədilə aidiyyəti icraçılar müəyyən edilərək yerinə yetiriləcək tədbirlər ciddi nəzarətə götürülüb.
Ötən müddət ərzində görülən işlər nəticəsində müsabiqənin rəsmi internet saytı, həmçinin mühafizəsi məqsədilə alternativli ehtiyat nüsxələri yaradılıb və saytın mühafizəsi təşkil edilib. Müsabiqənin keçiriləcəyi “Baku Crystal Hall” kompleksinə 3 istiqamətli dayanıqlı optik rabitə təmin edilib, kompleksin daxilində, tədbiri işıqlandıracaq jurnalistlər üçün inşa edilən mətbuat mərkəzində və kompleksin ərazisində simli və simsiz genişzolaqlı internet şəbəkəsi və tələbata uyğun İSDN rabitəsi qurulub.
Müsabiqə ərəfəsində və müddətində ölkəyə minlərlə xarici ölkə nümayəndələrinin və turistlərin gələcəyi və bununla əlaqədar telefon danışıqlarının artacağı nəzərə alınaraq, mövcud istiqamətlərdə kanalların artırılması üçün tədbirlər görülüb, həmçinin beynəlxalq telefon danışıqlarını təmin edəcək alternativli rabitə yaradılıb.
Eyni zamanda kompleksin daxilində və ona yaxın ərazilərdə, həmçinin ətrafdakı binalarda yüksək və dayanıqlı mobil rabitə xidmətinin təmin edilməsi üçün quraşdırılacaq avadanlıqlar eyni vaxtda 30 mindən artıq abunəçiyə xidmət edə biləcək. Abunəçilərə 2G, 3G xidmətləri ilə yanaşı, Azərbaycanda ilk dəfə olaraq kütləvi istifadə üçün LTE (4G) texnologiyasının da təklif edilməsi planlaşdırılır.
Müsabiqə müddətində televiziya və radio yayımının qüsursuz və dayanıqlı olaraq təmin edilməsi məqsədilə tələb olunan avadanlıqların əsas hissəsi “Teleradio” İB tərəfindən ölkəyə gətirilib və quraşdırılması təmin edilib. Yayımın Avropa Yayım Birliyinə (AYB) ötürülməsi üçün 4 istiqamətli alternativ rabitə təşkil edilib, həmçinin ölkə ərazisində yayımı üçün lazımi işlər görülüb. Peyk avadanlıqlarının quraşdırılması və işlərin tam olaraq başa çatdırılması kompleksdə aparılan ümumi tikinti işlərinin qrafikinə uyğun təmin ediləcək. Bundan başqa müsabiqə müddətində Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatda TV və radio yayımının təşkili üçün müvafiq hazırlıq işləri həyata keçirilib. Müxtəlif tipli simsiz radiorabitə vasitələrindən dayanıqlı və kənar maneələrsiz istifadənin təmin edilməsi üçün müvafiq radiotezliklərin ayrılması təmin edilib.
“Eurovision-2012” mahnı müsabiqəsi üçün xüsusi olaraq Azərbaycanın qədim tarixini, mədəniyyətini və müasir dövrünü əks etdirən poçt markaları dəsti və nəfis tərtibatlı 32 səhifəlik içlikli qutu kitabça hazırlanıb.
Xarici qonaqlara pulsuz dəstək göstərilməsi üçün Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində Azərbaycan, rus, ingilis, alman və fransız dillərində sərbəst danışan məlumat mərkəzi yaradılıb, bu xidmət üçün “1656” və “1111” qısa nömrələri ayrılıb və hazırda həmin nömrələrə sabit və mobil operatorlardan yığım təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyinin müraciətinə əsasən, RİTN-nin və aidiyyəti idarələrin mütəxəssisləri tərəfindən yaradılan qruplar Bakıda xidmət göstərən 74 ədəd mehmanxananın hər birinə ayrı-ayrılıqda baxış keçirib, internet xidmətinin keyfiyyəti yoxlanılıb və tədbir müddətində qonaqların sayı nəzərə alınaraq keyfiyyətli internet xidmətinin verilməsi üçün tələb olunacaq texniki parametrlər barədə Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilib. Həmçinin mehmanxanaların “online” sifariş edilməsi, kinoteatr və teatrlara biletlərin “online” satışı Mədəniyyət və Turizm Nazirliyi, taksilər üçün məlumat mərkəzinin təşkili Nəqliyyat Nazirliyi, müsabiqənin izlənməsi üçün iriölçülü elektron tabloların və müasir taksofon aparatlarının quraşdırılması işləri isə Bakı şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilir.
Məkan ünvanlarının GPS sistemi ilə asan tapıla bilməsi üçün proqram təminatı hazırlanıb və müsabiqənin rəsmi saytına yerləşdirilib.
Nazirliyin müvafiq qərarına əsasən, ölkə üçün çox əhəmiyyətli olan bu beynəlxalq müsabiqənin yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirin rabitə təminatının dayanıqlı və qüsursuz olması üçün bütün imkanlar səfərbər edilməli, özəl sektorun bütün operator və provayderlərinin birgə fəaliyyəti təmin olunmalıdır.
BƏXTİYAR



Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar