12px14px16px18px

Dövlət Statistika Komitəsi ilin I rübü ilə bağlı mətbuat konfransı keçirib

ARİF VƏLİYEV: “AZƏRBAYCANDA İNFLYASİYA 3-4 FAİZ SƏVİYYƏSİNDƏ GÖZLƏNİLİR”

01:14 / 24.04.2012
Dünən Dövlət Statistika Komitəsində (DSK) ilin birinci rübü ilə əlaqədar olaraq mətbuat konfransı keçirilib. DSK sədri Arif Vəliyev bildirib ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 0,5 faiz artaraq 12,3 mlrd. manata çatıb, orta hesabla ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 1 346,1 manata və ya 1 711,9 ABŞ dollarına bərabər olub, ÜDM istehsalı qeyri-neft sektorunda 7,7 faiz artıb, neft sektorunda isə 4,7 faiz azalıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda neft hasilatı süni azaldılır və bu proses ilin sonunadək davam etdirilərsə, ölkə üzrə proqnozlaşdırılan iqtisadi artım tempi bir qədər az – təxminən 2,5-3 faiz təşkil edəcəyi gözlənilir: “ Bu ilin I rübündə Azərbaycanda neft hasilatının azalması süni şəkildə baş verib. Hesabat dövründə ölkədə 11 298,7 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib ki, bu da ötən ilin yanvar-mart aylarına nisbətən 5,7 faiz azdır. Qeyd edim ki, I rübdə ölkədə təbii qaz hasilatı (əmtəəlik) 4 572,6 milyon kubmetr təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə qaz hasilatı 14,6 faiz artıb”.
A.Vəliyev onu da bildirib ki, hesabat dövründə Azərbaycanın sənaye sahələrində, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 9,4 milyard manatlıq məhsul istehsal olunub və 2011-ci ilin I rübü ilə müqayisədə 0,3 faiz azalıb: “Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 16,5 faiz artaraq sənaye məhsulunun 17,1 faizini təşkil edib, neft sektorunda isə məhsul istehsalı 3,5 faiz azalıb. Sənaye məhsulunun 7,3 milyard manatı və ya 78,3 faizi mədənçıxarma bölməsində, 1,5 milyard manatı, yaxud 15,9 faizi emal bölməsində, 493,4 milyon manatı və ya 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 44 milyon manatı, yaxud 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub”.
A.Vəliyev vurğulayıb ki, cari ilin ilk rübündə kənd təsərrüfatının ümumi məhsulu 3,2 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 6,4 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,2 faiz artıb: “Eyni zamanda, hesabat dövründə əsas kapitala investisiya qoyuluşu 16,5 faiz, nəqliyyatla yük daşınması 4,3 faiz, sərnişin daşınması 8,9 faiz, rabitə xidmətləri 8 faiz, pərakəndə əmtəə dövriyyəsi 9,3 faiz, ölkənin hər bir sakininin orta gəlirləri 12,3 faiz, əhalinin banklardakı əmanəti isə 37,8 faiz artıb”.
Komitə sədri qeyd edib ki, bu ilin sonuna Azərbaycanda iqtisadi artım 2,5-3 faiz civarında, inflyasiya isə 3-4 faiz səviyyəsində gözlənilir.
Onun sözlərinə görə, cari ilin yanvar-mart aylarında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ilin analoji dövrünə nisbətən 3,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, xidmət tarifləri isə 2,5 faiz bahalaşıb.
A.Vəliyevin dediyinə görə, Azərbaycan Dövlət Statistika Komitəsi “elektron hökumət” layihəsi çərçivəsində ona aid məsələləri icra etməkdədir. O söyləyib ki, artıq 2012-ci ilin sonunadək Azərbaycanda fəaliyyət göstərən orta və iri müəssisələr öz hesabatlarını Komitəyə elektron formada təqdim edəcək: “Bundan sonra kiçik müəssisələrin də hesabatlarının elektron formada Dövlət Statistika Komitəsinə təqdim olunacağı gözlənilir. Ümumiyyətlə, “elektron hökumət” layihəsi çərçivəsində bizim üzərimizə düşən məsələlərin öhdəsindən demək olar ki, tam gəlmişik”.
BƏXTİYAR




Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar