12px14px16px18px

Vergilər Nazirliyi nağdsız hesablaşmaların genişləndirilməsi ilə bağlı birgə fəaliyyəti gücləndirir

01:07 / 24.04.2012
Vergilər Nazirliyində pos-terminal və nəzarət-kassa aparatlarının tətbiqinə və istifadəsinə nəzarətin həyata keçirilməsinin təmin edilməsi məqsədilə yaradılmış xüsusi Qərargahın növbəti iclası keçirilmişdir. Toplantıda Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Nəqliyyat Nazirliyinin nümayəndələri iştirak ediblər.
Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədov ölkəmizdə nağdsız ödəmələrin genişləndirilməsi, müvafiq infrastrukturun yaradılması istiqamətində ölkə Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi fikirlərə toxunub, dövlət başçısının müvafiq strukturlar qarşısında müəyyənləşdirdiyi vəzifələr barədə danışıb. İ.Əhmədov bu tapşırıqlara uyğun olaraq Qərargah tərəfindən nağdsız hesablaşmaların stimullaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib, Bakı şəhəri üzrə proseslər xəritəsinin hazırlandığını, paytaxtın 11 rayonunun 60 sahəyə ayrıldığını, hər sahə üzrə 2 işçi qrupunun müəyyən olunduğunu və onlara müvafiq treninqlərin keçirildiyini bildirib.
Qeyd olunub ki, əhali ilə nağdsız hesablaşmaların aparılması istiqamətində görülən işlərin qısa müddət ərzində başa çatdırılması məqsədilə bu işə əlavə qüvvələr cəlb edilib. Pos-terminalların quraşdırılması ilə bağlı Vergilər Nazirliyinə həvalə olunmuş əsas vəzifə, yəni qeydiyyat məsələlərinin ən qısa zamanda həlli məqsədilə də bütün zəruri işlər görülüb. Pos-terminalların quraşdırılması işlərini həyata keçirən əməkdaşların elektron ərizələri daha çevik göndərilməsi üçün bütün zəruri proqramlarla və internet rabitəsi ilə təchiz edilib. Bu, istənilən obyektdə pos-terminalın quraşdırılması zamanı müvafiq bankda cari manat hesabının açılması üçün vergi orqanına ünvanlanmış elektron ərizənin operativliyini təmin edir.
İ.Əhmədov həmçinin bildirib ki, Vergilər Nazirliyi ilə prosesinq mərkəzləri arasında sürətli elektron məlumat mübadiləsinin həyata keçirilməsi üçün zəruri proqramlar sistemə yüklənmiş və pos-terminalların vergi orqanlarında onlayn qeydiyyata alınması təmin olunub. Artıq nəqliyyat sektorunda da pos-terminalların quraşdırılmasına başlanıb, taksilərdə, eləcə də London Taksi TX4 avtomobillərində pos-terminalların quraşdırılması işləri sürətlə davam etdirilir.
Hazırda respublikamızın bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaq doldurma məntəqələrində, tibb xidməti göstərən, əczaçılıq mallarının satışı ilə məşğul olan obyektlərdə və digər sahələrdə pos-terminalların quraşdırılması təmin edilir. Respublika üzrə 20 min 138 obyektdə 22 min 611 pos-terminal aktiv fəaliyyət göstərir ki, bunun da 93,6 faizi Bakı şəhərinin ərazisindədir.
Bakı şəhərinin mərkəzi rayonlarında, o cümlədən Səbail, Nəsimi və Yasamal rayonlarında pos-terminal quraşdırılmalı obyektlərin 90 faizində artıq bu proses yekunlaşıb.
Pos-terminalların qurulması prosesində ölkə bankları da aktivlik nümayiş etdirirlər. “Azərbaycan Beynəlxalq Bankı”, “Texnikabank”, “Dəmirbank”, “Atabank” və “Bank standart” kommersiya bankları aktiv pos-terminalları olan bank ekvayerlərin siyahısına başçılıq edirlər.
Toplantı iştirakçıları nağdsız ödəmələrin aparılması üçün infrastrukturun qurulması prosesinin əhali arasında maarifləndirmə aparılması ilə paralel şəkildə getməsinin zəruriliyini də vurğulayıblar. Pos-terminalların tam işləməsini təmin etmək məqsədilə Vergilər Nazirliyində yaradılan Qərargahın üzvləri və Nazirliyin Mərkəzi Aparatının əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində pos-terminalların tətbiqinə və istifadəsinə dair monitorinqlər keçirilir. Bu monitorinqlər zamanı aşkar edilmiş texniki problemlər aradan qaldırılır, vergi ödəyiciləri arasında maarifləndirmə tədbirləri də aparılır. Monitorinqlər onu da göstərmişdir ki, pos-terminalların mövcudluğunu görən vətəndaşlar tədricən nağdsız ödəmələrin aparılmasına maraq göstərirlər.
Toplantı iştirakçıları vurğulayıb ki, pos-terminalların normal qaydada işləməsi üçün ticarət obyektlərinin sahibləri tərəfindən nağdsız əməliyyatları aparan işçilərini qısamüddətli treninqlərə cəlb etməli, vətəndaşlar arasında nağdsız ödəmələrin aparılması qaydaları ilə bağlı geniş təbliğat işləri də aparılmalıdır.
Qeyd olunan məsələlərə daha çevik və operativ qaydada nəzarət edilməsi məqsədilə Qərargah üzvlərinə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Mərkəzi Bank, Nəqliyyat Nazirliyi, eləcə də digər qurumların əməkdaşları ilə işlərin koordinasiyalı şəkildə qurulması tapşırılıb.




Bu yazı ( 74 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar