12px14px16px18px

Azərbaycan nümayəndə heyəti “Açıq Hökumət Tərəfdaşlığı” sammitində iştirak edib

07:20 / 21.04.2012
Braziliyanın paytaxtında ABŞ Prezidenti Barak Obama və Braziliya Prezidenti xanım Dilma Russefin birgə təşəbbüsü ilə 2011-ci ildə təsis olunmuş ümumdünya “Açıq Hökumət Tərəfdaşlığı”nın (AHT) yüksək səviyyəli ilk illik sammiti keçirilib. Tədbirə 60 ölkədən 2000-ə yaxın dövlət, qeyri-hökumət, özəl qurumların rəhbərləri, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Sammitin açılış mərasimində Braziliya Prezidenti xanım Dilma Russof, Tanzaniya Prezidenti Jakaya Kikveti, Gürcüstanın baş naziri Nika Qilauri, ABŞ dövlət katibi Hillari Klinton və bir sıra siyasi xadimlər iştirak ediblər.
Tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. AHT Sammitinin Cənubi Qafqaz regionu üzrə “Fəaliyyət Planı”nın təqdimatı üzrə plenar iclasda iştirak edən nazir respublikanın milli fəaliyyət planını forum iştirakçılarının diqqətinə çatdırıb. Təqdimat mərasimində Azərbaycandan qeyri-hökumət təşkilatlarının nümayəndəsi, Milli Büdcə Qrupunun rəhbəri, Gürcüstan ədliyyə nazirinin müavini və Ermənistan xarici işlər nazirinin müavini, həmçinin iştirakçı dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Eyni zamanda regionlar üzrə iki hissədən ibarət, 12 blok üzrə davam edən “Hərəkət Planı” təqdimatlarında Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak ediblər. Sammit çərçivəsində İsrailin dövlət xidmətlərinin tətbiqi naziri Mihael Etan, Albaniyanın innovasiya və informasiya kommunikasiya texnologiyaları naziri Genc Polla, İstehsal sənayesində şəffaflıq təşəbbüsü katibliyinin rəhbəri Jonas Moberg, Beynəlxalq Şəffaflıq (Transparency İnternational) Təşkilatının idarə heyətinin üzvü xanım Elizabet Ungar, ABŞ-ın Karter Mərkəzinin rəhbəri xanım Laura Nyuman, həmçinin Braziliya hökumətinin “Sivil Dövlət Qurumu”nun rəhbəri Vania Vieira ilə bir sira ikitərəfli görüşlər keçirilib.
Sammitin ikinci günü “İnformasiya şəffaflığı: hökumətin perspektivləri” sessiyasında təşkilatçıların xahişi ilə Azərbaycanda İKT sahəsində aparılan uğurlu siyasəti forum iştirakçılarının diqqətinə çatdırmaq üçün Əli Abbasov çıxış edib. Çıxışda “Elekton hökumət” çərçivəsində dövlət təsisatlarının vahid sistem üzərindən idarəsi, nəzarət olunması və bu sistemin cəmiyyət üzvləri üçün şəffaf olmasının vacibliyi qeyd edilib. Sessiyada Braziliya, Liberiya və Kanada hökumətlərinin nümayəndələri çıxış edərək öz təcrübələrini bölüşüblər.
Qeyd edək ki, “Açıq Hökumət Tərəfdaşlığı” sammitinin işində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Komissiyasının sədri Bəhram Xəlilov, Prezident Administrasiyasının və Milli Məclisin üzvləri iştirak ediblər.




Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar