12px14px16px18px

Kənd Təsərrüfatı Nazirliyi ilə FAO arasında saziş imzalanıb

İSMƏT ABASOV: “AZƏRBAYCAN DONOR DÖVLƏTİ KİMİ ÇIXIŞ EDƏCƏK”

07:20 / 21.04.2012
Dünən Azərbaycanla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və FAO-nun baş direktoru Joze Qratsiano da Silva imzalayıb. Joze Qratsiano da Silva bildirib ki, sazişdə tərəflər arasında əməkdaşlığın 25 prioritet istiqaməti müəyyənləşdirilib ki, bunlardan biri də Bakıda regional ofisin açılmasıdır. O, qeyd edib ki, bu məsələ Prezidenti İlham Əliyevlə görüşərkən də müzakirə edilib: “İlham Əliyev dedi ki, regional ofis təkcə Azərbaycana yox, bütün regiona xidmət etməlidir”.
Baş direktorun sözlərinə görə, Bakıda keçirilən tədbir 129 üzvü olan FAO çərçivəsində regionun ən böyük tədbiridir. Joze Qratsiano da Silva bildirib ki, Avropa FAO-nun ən böyük regionudur və bu regionun 50-dən çox üzvü var. O, Bakıda keçirilən tədbirdə 46 dövlətin nümayəndəsi, o cümlədən 11 nazir, 17 nazir müavini, 37 səfir iştirak etdiyini diqqətə çatdırıb”.
Kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, regional konfransda xeyli sayda xarici hökumət, beynəlxalq təşkilatların nümayəndələrinin, eləcə də səfirlərin iştirakı Azərbaycanın dünyada artan nüfuzunun daha bir göstəricisidir. Nazir xatırladıb ki, FAO-nun bundan əvvəlki regional konfransı 2010-cu ilin may ayında Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilib: “Həmin tədbirdə nazir səviyyəsində təmsil olunan yeganə ölkə Azərbaycan olub. Digər ölkələr isə konfransa nazir müavini və digər təmsilçilər səviyyəsində qatılıb. Bildiyiniz kimi, hər hansı bir ölkənin nazirinin xarici ölkəyə rəsmi səfəri üçün dövlət və ya hökumət başçısının icazəsi lazımdır. FAO-nun Bakıda keçirilən regional konfransında 11 nazirin iştirak etməsi Azərbaycanın dünyada artan nüfuzunu bir daha əyani şəkildə göstərir””.
İ.Abasov bildirib ki, Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında (FAO) donor dövləti kimi çıxış edəcək. Onun sözlərinə görə, Azərbaycan donor dövləti kimi FAO-nun üzvü olan aztəminatlı ölkələrə maliyyə və texniki dəstək, eləcə də tövsiyələr verəcək: “Əgər əvvəllər aztəminatlı ölkələrdə kənd təsərrüfatı sahəsində layihələri FAO tərəfindən maliyyələşdirilirdisə, bundan sonra Azərbaycan da bu prosesə qoşulacaq. Bunun üçün əsas şərt həmin layihələrin Azərbaycanı qane etməsidir”.
Tədbirdə jurnalistlərin suallarını cavablandıran nazir bildirib ki, fermerlərə subsidiyaların verilməsinə yenidən baxıla bilər. İ.Abasov sözlərinə görə, subsidiyalarda əsasən verilmə mexanizminin dəyişdirilməsi təklif olunur: “Bu o demək deyil ki, subsidiyaların həcmi azaldılacaq. Əksinə, ola bilsin, artırılsın. Bu, təkcə Kənd Təsərrüfatı Nazirliyindən asılı olan məsələ deyil, müvafiq qurumlar da bu məsələyə baxmalıdır”. Bundan başqa fermerlərə subsidiyaların nağd vəsait şəklində deyil, həmin vəsait həcmində gübrə şəklində verilməsi də təkliflər sırasındadır. Hazırda ölkəmizdə gübrədən istifadə aşağı səviyyədədir ki, bu da məhsuldarlığın aşağı olmasına gətirib çıxarır. Fermerlər gübrələri tələbata uyğun istifadə etmir. Belə ki, hazırda ölkədə gübrəyə olan tələbatın cəmi 10 faizi istifadə olunur”.
İ. Abasov qeyd edib ki, bu il Azərbaycanda rekord həcmdə taxıl istehsal oluna bilər. Nazirin fikrincə, əgər 2011-ci ildə Azərbaycanda 2,6 mln. ton taxıl istehsal olunubsa, 2012-ci ildə ölkədə ilkin olaraq 2,7 mln. ton taxıl istehsalı proqnozlaşdırılır: “Lakin əkin sahələrində zəruri gübrələmə və suvarma işləri aparılacağı təqdirdə illik istehsalın həcmi daha 33,3 faiz, ötən ilin yekunlarına nisbətən isə 34,6 faiz artaraq 3,6 mln. ton çata bilər. Fermerlər əkin sahələrində tələbata uyğun olaraq lazımi gübrələmə işləri aparacaqları təqdirdə 1 hektar torpaq sahəsi üçün məhsuldarlıq 10 sentner artaraq hazırkı 25 sentnerdən 35 sentnerədək yüksələ bilər. Ümumi taxıl sahələrinin 900 min hektar olduğunu nəzərə alsaq, istehsalın illik həcminin 900 min ton artırılması mümkündür”.






Bu yazı ( 158 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar