12px14px16px18px

“Məqsəd təqaüdçüləri daha etibarlı və daha yüksək səviyyədə pensiya ilə təmin etməkdir”

“AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” İNKİŞAF KONSEPSİYASININ HAZIRLANMASI İLƏ ƏLAQƏDAR “SIĞORTA-PENSİYA SİSTEMİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

10:40 / 20.04.2012

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə “Kempinski Badamdar” Hotelinin “Qəbələ” zalında “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar “Sığorta-pensiya sistemi” mövzusunda dəyirmi masa keçirilib. YAP sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək bildirib ki, partiya Prezident İlham Əliyevin irəli sürdüyü “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə əlaqədar aparılan işlərlə bağlı təqdimat tədbirlərini davam etdirir. Onun sözlərinə görə, indiki tədbir Azərbaycanın pensiya sisteminin təkmilləşdirilməsi və 2020-ci ilin pensiya sisteminin parametrlərinin müəyyənləşdirilməsi mövzusuna həsr olunub. “Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində əhəmiyyətli yer tutan sahələrdən biri də sosial müdafiə, o cümlədən pensiya sistemidir. Bu sahədə aparılan islahatlar əhəmiyyətlidir. Bu islahatların qarşısına qoyduğu əsas məqsəd bir tərəfdən Azərbaycan vətəndaşları olan təqaüdçülərin daha etibarlı və daha yüksək səviyyədə pensiya ilə təmin etməkdən ibarətdir. Digər tərəfdən, islahatlar pensiya sisteminin, pensiyaların müəyyənləşdirilməsi mexanizmlərinin daha ədalətli formada təkmilləşdirilməsi istiqamətində aparılan dəyişikliklərdir. Təbii ki, islahatların çox əhəmiyyətli hissəsindən biri də pensiya alanlarla müvafiq orqanlar arasında münasibətlərin daha sivil formada və müasir texnologiyalarla təmin edilməsindən ibarətdir. Nəticə etibarilə bütün bunların hamısı ölkəmizdə həyata keçirilən pensiya islahatlarının tərkib elementlərindən ibarətdir. Biz belə hesab edirik ki, Azərbaycan Respublikasının həyata keçirdiyi islahatlar bütövlükdə ölkəmizdə etibarlı, ədalətli və müasir pensiya sisteminin yaranmasını və fəaliyyət göstərməsini təmin edəcək. Beləliklə, biz bu sahədə 2020-ci ilə istiqamətlənmiş hədəflərimizi müəyyənləşdirərkən nəzərdə tutulan tədbirlər haqqında məlumatlar əldə edəcəyik” – deyə, YAP sədrinin müavini vurğulayıb. Daha sonra Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov mövzu ilə bağlı təqdimatla çıxış edib. S.Müslümov vurğulayıb ki, yeni iqtisadi sistemə keçid dövrünü müvəffəqiyyətlə başa vuran Azərbaycanın inkişaf modelinin təməl prinsiplərini ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar təşkil edir. “Azərbaycanın gələcək inkişaf istiqamətlərinin vahid konsepsiya çərçivəsində təqdimi üçün həmin prinsiplərin ötən mərhələdəki sosial-iqtisadi xüsusiyyətlərinə nəzər salınması, əldə edilmiş uğurları şərtləndirən çevik siyasət və çoxşaxəli fəaliyyətin ətraflı təhlili mühüm əhəmiyyət daşıyır. Çünki gələcəyə baxışın düzgün istiqamətləndirilməsi və uğurların təmin edilməsi müasir qloballaşan dövrün ağır sınaqlarından çıxmış prinsiplərin daha da dərinləşdirilməsindən birbaşa asılıdır”. DSMF sədri qeyd edib ki, İ.Əliyevin 2011-ci il noyabrın 29-da imzaladığı sərəncamla müvafiq dövlət orqanlarına ölkəmizin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyasının hazırlanması tapşırılıb. S.Müslümov, Fond tərəfindən Azərbaycanın sığorta-pensiya sisteminin gələcək inkişafı strategiyasının müəyyənləşdirilməsi məqsədilə bir sıra layihələr çərçivəsində aktual tədqiqatların təşkil olunduğunu vurğulayıb. Onun sözlərinə görə, tədqiqat müasir dünyada sığorta-pensiya sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə standart indukativ göstəricilər əsasında təşkil olunub: “ Beynəlxalq maliyyə və tədqiqat qurumlarının qəbul etdiyi metodiki tövsiyələr əsasında Azərbaycanın sığorta-pensiya sisteminin qiymətləndirilməsi aparılıb, 2020-ci və 2040-cı illər üçün sığorta-pensiya sisteminin inkişafı üzrə fərqli ssenarilər, mövcud risklər və onların qarşılanması üçün alternativlər verilib. “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyasının hazırlanması üçün verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, həmin tədqiqatlarda 2020-ci ilədək olan dövr xüsusi diqqətə alınıb”. S.Müslümov vurğulayıb ki, 2020-ci ildə Azərbaycan Respublikasının sığorta-pensiya sistemində vətəndaşla Fondun əməkdaşları arasında birbaşa əlaqə yarada bilən bütün hallar aradan qaldırılacaq. Eyni zamanda, həm sığortaedənlərin uçota alınması, məcburi dövlət sosial sığorta haqlarının hesablanması, ödənilməsi, fərdi uçotunun aparılması, fərdi şəxsi hesablardan müvafiq məlumatların əldə edilməsi, Fond tərəfindən bu proseslərə audit və digər vasitələrlə nəzarət edilməsi, həm pensiyaların təyin olunması, həm də onların ödənişi tam avtomatlaşdırılacaq. Dəyirmi masada həmçinin, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və millət vəkili Əli Məsimli çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər. Çıxış edənlər ölkəmizdə həyata keçirilən sığorta-pensiya islahatlarının əhəmiyyətini vurğulayaraq 2020-ci ilə hesablanmış hədəflərlə əlaqədar təkliflər də irəli sürüblər. KAMİL  


Bu yazı ( 72 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar