12px14px16px18px

Hökumət Ödənişləri Portalı yaradılır

10:21 / 20.04.2012
Azərbaycanda vergi, rüsum, cərimə, icarə haqqı və digər büdcə ödənişlərinin Milli Ödəniş Sisteminin bütün ölkəni əhatə edən geniş infrastrukturu vasitəsilə toplanılmasının təmin edilməsi məqsədilə əlaqədar dövlət qurumları ilə birlikdə Hökumət Ödənişləri Portalının yaradılması qərara alınıb və bu istiqamətdə işlər davam etdirilir. Mərkəzi Bankdan verilən məlumata görə, layihənin ilkin mərhələsində Vergilər və Maliyyə nazirliklərinin iştirakı ilə bu qurumlar tərəfindən toplanması təmin edilən vergi və ödənişlərin növlərinin 90 iqtisadi təsnifat kodu üzrə ödənişlərinin Hökumət Ödənişləri Portalı vasitəsilə toplanması təmin edilib. Hazırda mərkəzləşdirilmiş xəzinə hesabı ilə iş rejiminə keçmiş Bakı, Sumqayıt və Gəncə şəhərləri, həmçinin Abşeron və Xaçmaz rayonları üzrə vergi ödəyiciləri haqqında məlumat sistemin mərkəzi informasiya bazasına yüklənilib. İstifadəçilər üçün yaradılmış yeni imkan sayəsində ödənişlər qəbul edilərkən büdcə təsnifatının kodu, büdcə səviyyəsinin kodu və büdcə təşkilatının kodu kimi rekvizitlər avtomatik rejimdə sistem tərəfindən müəyyənləşdirilir və ödəniş tranzaksiyasına əlavə edilir. Bununla da ödənişlərin qəbul edilməsi prosesi sadələşdirilərək, baş verən səhvlərin sayının minimuma endirilməsi və ödəniş tranzaksiyalarının Dövlət Xəzinədarlığı Agentliyinin daxili informasiya sistemində avtomatik emalı təmin edilir. Yaradılmış imkan nəticəsində qeyd olunan regionlarda qeydiyyatdan keçmiş vergi ödəyiciləri 40 bankın və “Azərpoçt” MMC-nin 1 200-ə yaxın ödəniş məntəqəsində, eyni zamanda KÖMİS-in internet səhifəsində (www.apus.az), həmçinin Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında ödəniş kartları vasitəsilə yuxarıda qeyd olunan vergi və digər ödənişləri apara bilər. Növbəti mərhələlərdə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və digər dövlət qurumlarının daxili informasiya sistemləri Hökumət Ödənişləri Portalına inteqrasiya olunacaq. BƏXTİYAR



Bu yazı ( 81 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar