12px14px16px18px

Mərkəzi Bank maliyyə savadlılığı mövzusunda treninq keçirib

02:06 / 19.04.2012

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (AƏBBƏF) ilə birgə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Liseyinin bazasında “Banklar məktəblərə-məktəblər banklara” mövzusunda seminar keçirib. Mərkəzi Bankdan verilən məlumata görə, seminarın əsas məqsədi gələcəkdə məktəb kurikulumlarında maliyyə maarifləndirilməsi aspektinin gücləndirilməsi, bankların bu işə marağının artırılması, onların təkliflərinin öyrənilməsi olub.
Seminarda Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun məsul işçiləri, habelə kommersiya banklarının əməkdaşları və Biləsuvar Liseyinin müəllimləri iştirak ediblər. Almaniyadan dəvət olunan ekspert, fəlsəfə doktoru Knut Boykun məşğələləri seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Seminarda maliyyə savadlılığı, cib xərcliyi, büdcə planlaşdırılması, əmanətlər, bank məhsulları, sahibkarlıq və sair mövzular üzrə məlumatların müxtəlif fənlərin tədrisi prosesində istifadəsi, həmin mövzuların müxtəlif fənn kurikulumları və tədris proqramlarına inteqrasiyası barədə təqdimatlar keçirilib, interaktiv müzakirələr aparılıb.
Lisey müəllimlərindən və kommersiya banklarının əməkdaşlarından ibarət yaradılan işçi qrupları tərəfindən avqust ayına qədər əhalinin maliyyə savadlılığının artırılmasında istifadə oluna biləcək müxtəlif alətlərin hazırlanması nəzərdə tutulub.
Seminarın yekununda iştirakçılara Mərkəzi Bankın strateji fəaliyyət istiqamətlərindən biri olan “Maliyyə savadlılığı” layihəsi barədə qısa məlumat verilib. İştirakçılar seminarda əldə olunmuş uğurlu nəticələri yüksək qiymətləndirərək, məktəb şagirdlərinin maliyyə maarifləndirilməsi işinin gücləndirilməsi üçün banklar və təhsil orqanlarının birgə fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd ediblər.
BƏXTİYAR



Bu yazı ( 100 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar