12px14px16px18px

Masallıda “Özünədəstək” layihəsilə bağlı tədbir keçirilib

00:14 / 17.04.2012
Masallı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Özünədəstək”-Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmaq üçün seçilən aztəminatlı ailələrlə sosial müqavilələrin imzalanması, onlara müvafiq bildirişlərin paylanması və rayonda ünvanlı sosial yardım üçün poçtla və elektron qaydada alternativ müraciət mexanizmlərinin icra vəziyyətinin müzakirəsi ilə bağlı tədbir keçirilib. Nazirlikdən verilən məlumata görə, tədbirdə iştirak edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov görüşdə bu proqramın icrasının aztəminatlı ailələrin daimi məşğulluğuna, onların yaşayışına, nəticə etibarilə, kənd yerlərində heyvandarlığın inkişafına müsbət təsir göstərdiyini deyib. O, ailə təsərrüfatını inkişaf etdirmək, özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensiallara malik olan hər bir aztəminatlı ailənin bu layihəyə cəlb ediləcəyini vurğulayıb. Nazir müavini həmin ailələrə öz təsərrüfatlarını inkişaf etdirmək məqsədilə bu yeni layihənin yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlanmağı tövsiyə edərək, onlara bu sahədə uğurlar arzulayıb.
Görüşdə həmin ailələrə yeni layihənin xüsusiyyətləri, layihəyə cəlb olunmaq üçün ailə planının hazırlanması və s. barədə izahatlar verilib. Aztəminatlı ailələrin nümayəndələri belə bir effektli aktiv sosial müdafiə tədbirinə cəlb olunmalarını dövlət başçısının aztəminatlı ailələrə qayğı və dəstəyinin daha bir bariz ifadəsi kimi dəyərləndirərək, ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Prezident İlham Əliyevin müvafiq fərmanının icrası ilə əlaqədar Nazirlik tərəfindən əhaliyə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, ünvanlı yardımların təyinatı prosesində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və subyektiv amillərin aradan qaldırılması məqsədilə ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin Masallı rayonunda icrası vəziyyəti də müzakirə edilib.
Qeyd edək ki, “Özünədəstək” layihəsinə cəlb olunacaq ailələrin seçilməsində nazirlik yanında fəaliyyət göstərən, ixtisaslaşmış QHT-lərin təmsil olunduğu İctimai Şuranın üzvləri də iştirak ediblər.
BƏXTİYAR



Bu yazı ( 118 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar