12px14px16px18px

Rəqəmli TV yayımının tətbiqi üzrə müzakirələr aparılıb

00:10 / 17.04.2012
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) respublikada DVB-T rəqəmli TV yayımının tətbiqi ilə bağlı görülən işlərə dair aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müzakirələr aparılıb. RİTN-dən verilən məlumata görə, müzakirələrdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov TV yayımına keçidlə əlaqədar Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı”na əsasən hazırda ölkə əhalisinin 85 faizinin rəqəmli TV proqramlarının qəbul etdiyini və cari ilin sonunadək bütün ölkə ərazisində qəbulun təmin edilməsi üçün aparılan işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, analoq yayımından fərqli olaraq rəqəmli yayıma keçid paytaxtda seyr olunan bütün TV proqramların ölkənin istənilən yaşayış məntəqələrində efir vasitəsilə yüksək keyfiyyətlə qəbulunu mümkün edir. Eyni zamanda qarşıya qoyulan məqsədə nail olunması üçün rəqəmli yayımın üstünlükləri və keçidin həyata keçirilməsi ilə bağlı əhalinin maarifləndirilməsinin vacibliyi vurğulanıb.
Bundan başqa, müzakirələrdə rəqəmli TV yayımının stimullaşdırılması üçün ölkəyə rəqəmli televizor və çevirici qurğuların gətirilməsi və ölkədə istehsalı ilə bağlı zəruri tədbirlərin görülməsi üçün təkliflərin hazırlanması qeyd olunub. Müzakirələr zamanı rəqəmli TV yayıma keçidlə əlaqədar tezliklərdən səmərəli istifadə edilməklə regional TV şirkətlərinin də rəqəmli yayıma keçidi ilə bağlı tədbirlərin görülməsi tapşırılıb, eləcə də Milli Televiziya və Radio Şurası ilə razılaşdırılmaqla cari ilin sonunadək analoq TV yayımının mərhələlərlə dayandırılmasının məqsədəuyğunluğu qeyd edilib.
BƏXTİYAR



Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar