12px14px16px18px

XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF-2012””) sərgisinin açılış mərasimi olub

ƏBÜLFƏS QARAYEV: “AZƏRBAYCANDA 45 YENİ OTEL VƏ YAŞAYIŞ MƏKANI İNŞA OLUNUB”

00:30 / 14.04.2012


Bu günlərdə Bakıda Böyük Britaniyanın “ITE Group” şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF-2012”) sərgisinin açılışı olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, artıq 11-ci ildir ki, Azərbaycanda beynəlxalq turizm sərgisi keçirilir. O, bu sərginin xüsusi əhəmiyyətinin olduğunu diqqətə çatdırıb: “Çünki keçən il Prezident İlham Əliyev tərəfindən “Turizm ili” elan edilmişdi və aparılan araşdırmalar nəticəsində məlum oldu ki, ötən il Azərbaycana turist gələnlərin sayı 2 milyon 134 min nəfər olub. Keçən il Azərbaycana gələn turistlərin sayı 2010-cu illə müqayisədə 14 faiz çox olub. Azərbaycanda 45 yeni otel və yaşayış məkanı inşa olunub və təhvil verilib. Ölkəmiz ötən il əldə etdiyi nailiyyətlər sırasında bu il keçirələcək tədbirlərə öz təsirini göstərən amillər də var. Bir aydan sonra “Eurovision” iştirakçılarını Azərbaycanda qəbul edəcəyik. Keçirilən bu sərgi ölkəmizdə olan mehmanxanaların qonaqları qəbul etməsi ilə bağlı məlumatlar veriləcək. Eyni zamanda bu sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, sərgidə Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Bolqarıstanın turizm administrasiyası da portnyor qismində çıxış edir. Artıq 10 ildir bu sərgi Ümumdünya Turizm Təşkilatının bayrağının altında keçirilir. Buna baxmayaraq, həmin bu təşkilat ilk dəfə olaraq, sərgiyə öz stendi ilə qatılıb. 2002-ci ildə bu sərgi təşkil olunanda 7 ölkədən cəmi 23 şirkət iştirak edirdi, amma bu gün sərgiyə 32 ölkədən 201 şirkət qatılıb. Bu sərgi artıq bütün beynəlxalq təşkilatlar tərəfindən regionun ən nüfuzlu və sənayenin inkişafına böyük təkan verən bir sərgi kimi qəbul olunur. Qeyd edim ki, Türkiyədən Rusiyadan, Avropa və ərəb ölkələrindən, şərqi Asiyadan KİV nümayəndələri iştirak edir. Onlar “Eurovision”la yanaşı, həm sərgi haqqında məlumat verəcəklər”.
Ümumdünya Turizm Təşkilatının (ÜTT) nümayəndəsi Alla Prisolova çıxışı zamanı ÜTT-nin baş katibi Taleb Rifainin sərgi iştirakçılarına ünvanladığı məktubu diqqətə çatdırıb.
Bolqarıstanın iqtisadiyyat, energetika və turizm nazirinin müavini İlo Marinov sərginin 11-ci dəfə keçirilməsinə baxmayaraq, təmsil etdiyi ölkə ilk dəfə olaraq, portnyor qismində iştirak etdiyini bildirib. Onun sözlərinə görə, sərgidə Bolqarıstanın tarixi, təbiəti və turizm infrastrukturu haqqında geniş məlumat əldə etmək olar.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslan Türkiyənin mədəniyyət və turizm naziri Ertoğrul Günayın təbrikini iştirakçılara çatdırıb. Onun sözlərinə görə, turizm sərgiləri ölkənin modern və estetik üzünü bütün dünyaya göstərən önəmli sahələrdən biridir: “İnanıram ki, Bakıda keçirilən turizm sərgisinin Azərbaycanın hər keçən gün bu sahədə inkişafını əks etdirən bir tədbirdir. Türkiyə artıq 3 ildir ki, bu sərginin portnyoru kimi iştirak edir və ölkəmizdən 50-ə yaxın qonaq qatılıb. Türkiyə dövləti olaraq, özəlliklə Muğla, Çanaqqala, Ərzurum, Qars, Ağrı, İqdır və Əskişəhr valilikləri sərginin önəmli iştirakçılarındandır. Eyni zamanda turizm sektorundan böyük şirkətlər tədbirə qatılıblar”.
Qeyd edək ki, “AİTF 2012” beynəlxalq turizm sərgisi çərçivəsində
Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (BMÜTT) arasında saziş imzalanıb. Bu sazişə əsasən, Azərbaycan 6-7 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan “İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı konfransa ev sahibliyi edəcək.
Bəxtiyar MƏMMƏDLİ



Bu yazı ( 182 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar