12px14px16px18px

Beynəlxalq İttifaqın nümayəndə heyəti Bakıdadır

00:27 / 14.04.2012

Dünən Bakıda Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyevin Qida və Tütün Sənayesi, Kənd Təsərrüfatı, hotel və restoran xidməti (ictimai iaşə) və müvafiq sahə işçilərinin Beynəlxalq İttifaqının (İUF) nümayəndələri ilə görüşü keçirilib. “APA”nın məlumatına görə, görüşdə S.Mehbalıyev ilk olaraq AHİK-in fəaliyyəti barədə qısa məlumat verib. Onun sözlərinə görə, AHİK ətrafında 1,6 mln. işçini və 26 üzv təşkilatı birləşdirir: “Təşkilatımız icra və özünüidarəetmə orqanlarına, işəgötürənlərə, onların birliklərinə, siyasi partiyalara və digər ictimai təşkilatlara hesabat vermir, onlar tərəfindən nəzarət olunmur və tamamilə müstəqil fəaliyyət göstərir. Üzv təşkilatlarının mənafeyi naminə xarici ölkələrin həmkarlar ittifaqları təşkilatları, həmçinin beynəlxalq həmkarlar ittifaqları birlikləri ilə əlaqələri inkişaf etdirir və möhkəmləndirir. Dünyanın bir çox ölkələrinin həmkarlar ittifaqı mərkəzləri ilə əməkdaşlıq edir. Qurum 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür”.
S.Mehbalıyev bildirib ki, bu il aprelin 17-20 tarixində Bakıda böyük beynəlxalq tədbir – Birləşmiş Millətlər Təşkilatının tərkib hissəsi olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Avropa və Şərqi Asiya dövlətləri üzrə Regional Konfransı keçiriləcək. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyanın qarşılaşdığı ərzaq böhranı ilə əlaqədar milli hökumətlərin və beynəlxalq qurumların ərzaq təhlükəsizliyi istiqamətində siyasətlərinin əlaqələndirilməsi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsidir: “Regional konfransda bölgəni təmsil edən ictimai birliklərin, o cümlədən kənd təsərrüfatı və qida sənayesi üzrə həmkarlar ittifaqlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub və onlar bu gün bizim Konfederasiyanın qonaqlarıdır. Eyni vaxtda bu gün burada Beynəlxalq İttifaqın Kənd təsərrüfatı bölməsinin Məşvərət İclası keçiriləcək və onun məqsədi Regional Konfransda müzakirə ediləcək məsələlər üzrə bölgədəki olan həmkarlar ittifaqlarının birgə mövqeyini müəyyənləşdirməkdir”.
S.Mehbalıyev bildirib ki, bu işdə AHİK-in üzvü olan “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının qarşısında böyük vəzifə durur. Federasiya 2000-ci ildən Qida və Tütün Sənayesi, Kənd Təsərrüfatı, hotel və restoran xidməti sahə işçilərinin Beynəlxalq İttifaqının üzvdür.
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsində dövlət siyasətinin əsas istiqamətlərindən danışan S.Mehbalıyev qeyd edib ki, bura ölkənin “Ərzaq təhlükəsizliyi Dövlət Proqramı”nın icrasının təmini, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi, kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi, güzəştli kreditlərin, cins mal-qaranın lizinq qaydasında verilməsi, həmçinin 2015-ci ilədək daxili imkanlar hesabına əhalinin ərzaq məhsulları ilə 100 faiz təmin edilməsi kimi məsələlər daxildir: “Bizim vəzifəmiz bu işlərdə yaxından iştirak etmək və Kənd təsərrüfatlarında, Qida sənayesi müəssisələrində işçilərin həmkarlar təşkilatlarına cəlb edilməsi ilə, onların əmək və sosial hüquqlarının qorunmasını təmin etməkdir”.
Qeyd edək ki, görüşdə Qırğızıstan, Rusiya, Qazaxıstan Həmkarlar İttifaqı Komitələrini təmsil edən nümayəndələr iştirak edib.



Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar