12px14px16px18px

Vergi hüquqpozmalarına qarşı mübarizə ilə bağlı məlumat yayıldı

00:15 / 12.04.2012
2012-ci ilin birinci rübü ərzində vergi cinayətlərinə qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və digər faktlarla bağlı materiallar üzrə 114 cinayət işi, o cümlədən 112 iş vergiləri ödəməkdən yayınmaya görə, 2 iş isə qanunsuz sahibkarlığa görə başlanıb. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “525”ə verilən məlumata görə, cinayət işlərindən 84-nün ibtidai istintaqı tamamlanıb, 13 nəfər barəsində 12 cinayət işi baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib. İcraatına xitam verilmiş 72 cinayət işindən 60-ı üzrə bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər tərəfindən vergidən yayındırılan 1 milyon 744 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 8 şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırılması Departamentinin İstintaq şöbəsinə təhvil verilmiş, ibtidai istintaqdan yayınan 53 nəfər şəxsin məcburi qaydada gətirilməsi, 58 şəxsin tapılıb istintaqa cəlb edilməsi, 101 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi yoxlamalarından yayınan 165 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergi orqanlarına təqdim olunub.
Vergi hüquqpozmalarına yol vermiş şəxslərə qarşı qanunda nəzərdə tutulmuş mübarizə tədbirləri davam etdirilir.






Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar