12px14px16px18px

DSMF-nin xərcləri 2012-ci ilin I rübündə 606,4 mln. manat təşkil edib

00:13 / 12.04.2012
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2012-ci ilin yanvar-mart aylarında gəlirləri 689,6 mln. manat təşkil edib. DSMF-dən verilən məlumata görə, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 169,0 mln. manat və ya 32,5 faiz çoxdur.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 10,5 faiz və ya 28,4 mln. manat artaraq 297,8 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,1 faizi və ya 176,1 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,2 faiz və ya 19,2 mln. manat artıb, proqnoz isə 104,9 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 12,7 faiz artıb.
2012-ci ilin I rübündə büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 121,7 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz və ya 9,2 mln. manat artıb, proqnoz 93,2 faiz icra olunub.
Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 1,5 mln. manat təşkil edib.
Dövlət büdcəsindən proqnozla nəzərdə tutulmuş transfert 390,3 mln. manat məbləğində Fondun xəzinə hesabına köçürülüb.
Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.
2012-ci ilin yanvar-mart aylarında DSMF-nin xərcləri 606,4 mln. manat olub.
Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 599,0 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 141,9 mln. manat və ya 31,0 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 32,2 faiz və ya 143,2 mln. manat artaraq 587,7 mln. manat təşkil edib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub.
İlin birinci rübündə əhaliyə 12,1 mln. manat məbləğində müavinət ödənilib.
DSMF-nin digər xərcləri 6,6 mln. manat (o cümlədən Dövlət Sosial Müdafiə Fondunun aparatının və yerli orqanlarının saxlanılmasına 2,1 mln. manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinə 1,6 mln. manat, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə 2,9 mln. manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərclərinə 25,9 min manat, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclərə 31,7 min manat) təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 1,4 mln. manat və ya 15,8 faiz azdır.
Toplanmış məcburi dövlət sosial sığorta haqlarının 75,7 faizi Fondun departamentlərinin payına düşür. Qeyri-büdcə təşkilatları üzrə proqnoz Fondun departamentləri tərəfindən ümumilikdə 106,2 faiz icra olunub və proqnozla nəzərdə tutulduğuna nisbətən 9,2 mln. manat çox məcburi dövlət sosial sığorta haqqının daxil olması təmin edilib. Şəhər və rayon şöbələri tərəfindən qeyri-büdcə təşkilatları üzrə proqnoza 94,3 faiz əməl edilib.
BƏXTİYAR




Bu yazı ( 90 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar