12px14px16px18px

İlk süni peykin orbitə çıxarılması ilə bağlı hazırlıq işləri sürətləndirilib

04:14 / 10.04.2012
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC ilk süni rabitə peykinin orbitə çıxarılması ilə bağlı hazırlıq işlərini sürətləndirib. Nazirlikdən verilən məlumata görə, Azərbaycanda texnologiya tutumlu sahələrin inkişafı və peyk sənayesinin yaradılması işinə son illər başlanmasına baxmayaraq, “Azərkosmos” ASC-nin işçi heyətinə yüksək ixtisaslı kadrlar cəlb edərək, mütəmadi olaraq onların xaricdə ixtisasartırma məqsədilə müxtəlif təlimlər və kurslarda iştirakını təmin edə bilib.
Bununla yanaşı, “Azərkosmos” ASC bir sıra texniki və texnologiya yönümlü ixtisaslar üzrə təcrübəli mütəxəssislərin işə cəlb edilməsinə hər zaman böyük diqqət yetirir və maraqlanan namizədləri əməkdaşlığa dəvət edir.
Bu ilin sonunda Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulub və bu istiqamətdə işlər uğurla həyata keçirilir. Xatırladaq ki, “Azerspace” adlanan ilk peyk ABŞ-ın aparıcı peyk istehsalçısı olan “Orbital Sciences Corporation” şirkəti tərəfindən “STAR-2” platforması əsasında hazırlanır. Hazırda bu platforma üzərində yığılmış 22 peyk böyük müvəffəqiyyətlə istismar edilməkdədir. Peyk 2012-ci ilin son rübündə Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan, Fransanın “Arianespace” şirkətinin öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5” raket daşıyıcısı ilə orbitə çıxarılacaq.
Peyk Malayziya hökumətinə məxsus “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və Azərbaycan hökumətinə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, o cümlədən Qafqaz və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərəcək.
Peyk rəqəmli teleradio yayımı xidmətlərinin göstərilməsi, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, “VSAT” multiservis şəbəkəsinin, eləcə də hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub. Süni peykin orbitdə istismar müddətinin 15 ilə qədər təşkil etməsi gözlənilir.
BƏXTİYAR




Bu yazı ( 86 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar