12px14px16px18px

Qobustan Milli Qoruğundakı abidələr üçün təhlükə yaranıb

12:05 / 07.04.2012
Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən 31 mart 2012-ci il tarixdə Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşlarının iştirakı ilə Kiçikdaş dağında baş verən struktur-denudasiya prosesləri ilə əlaqədar vizual mühəndisi-geoloji araşdırmalar aparılıb. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, struktur-arid-denudasion mənşəli Kiçikdaş antiklinal tirəsi Aşağı Kür və Abşeron-Ceyrankeçməz çökəkliklərinin tektonik təmas zonasında mövcud olan Eopleystosen-Erkən Pleystosen yaşlı inversion Ələt-Ləngəbiz tirələr sisteminin kənar şərq hissəsində, Qaradağ rayonunun Qobustan qəsəbəsindən 2 km şimal-qərbdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində yerləşir.
Qoruqda aparılan geoloji tədqiqatların nəticəsində məlum olub ki, iri qırışıqlıqlarla (mailliyi 45-600) və yarğanlarla əhatə olunmuş terrasvari quruluşa malik Kiçikdaş dağı ekzogen geoloji proseslərin baş verməsi nəticəsində zəif zədələnmiş sahədir və zədələnmə əmsalı 0,1-dən azdır. Dağın ətəklərində yarğan eroziyası, səthi yuyulma və az dərəcədə sürüşməni xatırladan qayma-axma prosesləri mütəmadi olaraq aktivləşir.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Kiçikdaş dağının zirvəsində, təqribən 14 hektar sahəyə malik peneplenləşmiş suayrıcının cənub-şərq hissəsi uzunluğu 150-180 m, eni 0,7-2,0 m, görünən dəriliyi 10-30 m olan qırılma xətti ilə mürəkkəbləşib. Stuktur-denudasiya proseslərinin təsirindən, eləcə də, 2012-ci ilin yanvar-mart aylarında yağan yağıntıların təsirindən Kiçikdaş dağının tağ hissəsini təşkil edən və görünən qalınlığı 30 m-ə qədər olan əhəngdaşı layı müxtəlif ölçülü qaymalara parçalananarq yamac boyu cənub-şərq istiqamətdə hərəkət etmiş və yamacın aşağı hissəsində sürüşməyə bənzər pilləli qayma axımı əmələ gətirib.
Qeyd edək ki, prosesin bu intensivliklə davam etməsi Kiçikdaş dağının aşağı yamacında yerləşən qayaüstü rəsmlər və qədim mağaralar üçün fəsadlar yaradacaq.
Bununla əlaqədar Nazirliyin əməkdaşları Qobustan Milli Tarixi-Bədii Qoruğu ərazisində aparılan araşdırmalar nəticəsində aidiyyəti qurumlara tövsiyələr verib.
Xatırladaq ki, Kiçikdaş antiklinal tirəsi Eopleystosendə baş vermiş arid-denudasiya prosesləri nəticəsində formalaşmışdır. Ancaq denudasiya prosesi tam başa çatmamış və ərazidə inversiya relyef formaları yaranıb. Bunun nəticəsində vilayətin müasir relyefi tam tektonik quruluşu xarakterizə edir. Ərazinin mikrorelyefinin formalaşmasında struktur-denudasiya prosesləri ilə yanaşı deflyasiya, fiziki-mexaniki aşınma, temperatur dəyişkənliyi və atmosfer yağıntılarının təsiri də mühüm rol oynayıb. Kiçikdaş antiklinal tirəsinin Acıçay-Ələt tektonik qırılmalar zonası ilə mürəkkəbləşmiş geoloji quruluşunda Holosen yaşlı elüvial-delüval, Eopleystosen və Pliosen yaşlı dəniz mənşəli çöküntülər iştirak edir.
BƏXTİYAR



Bu yazı ( 38 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar